Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən buğda ununun istehsalı ilə məşğul olan “Hazartürk LTD” MMC-də dövlət nəzarəti həyata keçirilib.
Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, “Yeyinti məhsulları haqqında” qanunun (maddə 11) və QOST 26791-89 standartının (bənd 2) tələbləri pozularaq istehsal olunan I növ buğda ununun üzərində heç bir markalanma aparılmır.
Eyni zamanda hazır məhsulların saxlandığı anbarda məhsulun saxlanma şəraitinə əməl olunmur, dolu kisələr taxta altlıq üzərinə deyil, üst-üstə nəm asfalt-beton üzərinə avtomobil təkərləri, paslı və çirkli ehtiyat hissələri ilə bir yığılır. Müəssisədə istehsal olunan məhsulların sınaqlarının aparılması üçün laboratoriya mövcud deyil, akkreditasiya olunmuş laboratoriya ilə müqavilə bağlanmayıb, istifadə olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçmədən istismar olunur. Bu isə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna (maddə 11.1) və QOST 8.513-84 normativ sənədin tələblərinə ziddir.
Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq müəssisə rəhbərinə məhsul partiya satışının və yararsız ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə tələbnamələr verilib, inzibati xəta haqqında protokol tərtib edilib. İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən, müəssisənin 4000 manat cərimə olunması barədə qərar qəbul olunub.