Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ Regional Ofisi “Gənc xilaskarlar” adlı yeni layihəyə başlayıb. Mərkəzdən Lent.az-a verilən məlumata görə, layihənin məqsədi yeniyetmə və gənclər arasında ilk tibbi yardımın mahiyyətini açmaq, hər hansı qəza və ya həyati təhlükə yaradan vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması, istənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və ya qəfil xəstələnmə vəziyyətlərində yardımın göstərilməsi, vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə hadisə yerində tibbi vəsait axtarmadan ilk tibbi yardım qaydalarının öyrədilməsidir.
Layihə çərçivəsində keçirilən ilk tədbir Ağcabədi Müəllimlər İnstitutu və Ağcabədi Pedaqoji Kollecində olub, tələbələrə ilkin tibbi yardıma dair nəzəri və praktiki məlumatlar verilib, onları maraqlandıran sualları cavablandırılıb.
Mərkəzin mətbuat katibinin sözlərinə görə, gənclər arasında ilk tibbi yardıma dair məlumatlılıq səviyyəsini, habelə layihənin effektini yoxlamaq məqsədilə “Sən də bir həyat xilas et!” adlı müsabiqə keçiriləcək.
Qeyd edək ki, layihə Ağcabədi rayon İcra Hakimiyyəti, Rayon YAP Qadınlar Şurası və Mərkəzi Xəstəxananın dəstəyi ilə həyata keçirilir.