Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Yanğından Mühafizə Hissəsində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda elan edilən yaradıcılıq müsabiqəsi ilə bağlı tədbir keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevar da iştirak edib.
Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdiyi müsabiqəyə rəsm, plakat, əl işi, yumşaq oyuncaq və yanğın-qəza xilasetmə texnikasının modeli nominasiyaları üzrə işlər təqdim olunub. Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsidir.
Nazir Kəmaləddin Heydərov məktəblilərin müsabiqəyə təqdim etdiyi əl işlərinə heyran olduğunu bildirib və qeyd edib ki, burada təmsil olunana məktəblilər arasından Azərbaycanın böyük istedadları çıxa bilər. Nazir müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Mikayıl Cabbarov, Azad Rəhimov və digər iştirakçılar məktəblilərin əl işlərini yüksək qiymətləndiriblər.
Sonda qaliblərə mükafatlar təqdim olunub.