“İranda dövlət orqanlarının özləri 1918-ci ildə Qərbi Azərbaycanda 163 min adamın millətlər arasındakı ixtilafın qurbanı olduğunu bildirir”
“Son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlanan öz doğma torpaqlarından didərgin salınıb”.
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva söyləyib.
Gövhər Baxşəliyeva deyib ki, 1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırım kimi qiymətləndirilməlidir.
Tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il soyqırımı hadisələri ilə bağlı yaranmış Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətindən söz açıb. Xalq Cümhuriyyəti hökuməti Fövqəladə Təhqiqat Komissiyası yaradıb ki, isti-isti izlərlə hadisələr təhqiq edilsin, şəkillər sənədlər toplasın. Komissiyasının sədri Ələkbər bəy Xasməmmədov olub və 36 cildlik istintaq materialı toplanıb. Sonra hüquqi işlər başlayıb, günahkarların bir qismi həbs edilib. Lakin 1920-ci ildə Azərbaycan Cümhuriyyəti tanınmağa başlayanda hökumətə təklif edilib ki, amnistiya verilsin və bütün cinayət işləri dayandırılsın. Solmaz Rüstəmova sənədlərin arxivlərdə qaldığını, 1988-ci ildə arxivlər açılanda bu sənədlərin üzə çıxdığını nəzərə çatdırıb. Bu sənədlər əsasında Solmaz Rüstəmova-Tohidi tədqiqat və arxiv sənədlərindən ibarət olmaqla “Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə” və “1918-ci il Quba hadisələri - Müsəlmanların soyqırımı sənədlərdə” kitablarını eləcə də, “Azərbaycandakı talanlar fotoşəkillərdə və sənədlərdə” albomunu dərc etdirib. Heydər Əliyev fondu tərəfindən albomun 6, Bakı və Quba qırğınları ilə bağlı kitabların isə 3 dildə nəşrləri də çapa hazırlanır. Bundan əlavə, Solmaz xanım Şamaxı hadisələri ilə bağlı sənədlər toplusunu da çapa hazırlayıb.
İnstitutun Cənubi Azərbaycan tarixi şöbəsinin müdiri Əkrəm Bije bildirib ki, aparılan tədqiqatlar göstərir ki, o taylı-bu taylı Azərbaycanda 200-220 min adam şəhid olub. Sənədlərə əsasən, Arazın o tayındakı şəhidlərin sayı 150-200 min arası olub. İranda dövlət orqanlarının özləri 1918-ci ildə Qərbi Azərbaycanda 163 min adamın millətlər arasındakı ixtilafın qurbanı olduğunu bildirir. Əkrəm Bije İranda şahlıq rejimi yıxıldıqdan sonra milli qüvvələrin Cənubi Azərbaycanda bu məsələni qaldırdıqlarını və bu mövzuda 10-11 kitab çıxdığını qeyd edib. Onların müəlliflərindən də bir çoxu hadisələrin bilavasitə şahidləridir. İndiyədək Səməd Sərdariniyanın “Arazın hər iki sahilində müsəlmanların soyqırımı” və Tohid Məlikzadə Dilməqaninin “Güney Azərbaycan birinci dünya müharibəsi illərində – soyqırım” kitabları tərcümə edilərək oxuculara çatdırılıb. Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli türk şəhəri olmuşdur” adlı kitabı da tərcümə edilərək çapa təqdim olunub.