Azərbaycanda uzun müddətdir qəbul olunması ləngiyən “Elm haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının iş planına daxil edilib. Lent.az-ın məlumatına görə, bununla bağlı parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirilib.
Komitə sədri Şəmsəddin Hacıyev deyib ki, artıq qanun layihəsinin hazırlanması başa çatıb və müzakirəyə çıxarılması üçün heç bir problem yoxdur: “Layihə ilə əlaqədar bəzi mübahisəli məqamlar olub. Lakin artıq həmin məqamlar Milli Elmlər Akademiyası və digər müvafiq strukturlarla razılaşdırılıb . Məqsədimiz bu il qanunu qəbul edə bilməkdir”.
Bildirilib ki, “Elm haqqında” qanun layihəsi 1999-cu ildə birinci oxunuşda qəbul olunsa da, sonrakı illərdə qanunun tam qəbulu bu günə qədər ləngiyib.
Qanunda gənclərin elmin inkişafında rolunun artırılması xüsusi nəzərdə tutulur. Qanun vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə etməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq. Qanun layihəsində elmi işçinin hüquq və vəzifələri, attestasiyası, işə qəbul qaydası, elmi dərəcə və adların verilməsi, elmi işçilərin sosial müdafiəsi, mükafatlandırılması, elmi fəaliyyətin stimullaşdırılması mexanizmləri, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər əksini tapıb. Qanun layihəsi iş planı üçün komitə tərəfindən təsdiq edilib.