Təbiət etibarilə insanlar bir-birindən zahiri görünüşünə, dilinə, dininə və s. dəyərlərinə görə seçilsələr də Yer üzündə eyni dərəcədə yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdirlər. Bu qanunlara əməl olunurmu?
Bəşəriyyət bir sıra qlobal problemlərlə üzləşib. Dünya əhalisinin sayı artdıqca miqrasiya, ksenofobiya, terrorizm, ekstremizm, rasizm, dözümsüzlük halları da durmadan sürətlə çoxalır. Belə bir şəraitdə çoxmillətli Azərbaycan dövlətində vəziyyət necədir? Xarici ölkələrin mətbuatında Azərbaycanda mövcud olan tolerantlıq yüksək qiymətləndirilir və bunu əks edən materiallar olduqca çoxdur, söylənilən fikirləri yazmaqla bitməz. Nədən məhz Odlar yurdu Azərbaycanın tolerantlıq modeli dünya ölkələri üçün nümunədir? Dəyişən dünyada tolerantlığın gücləndirilməsi aktual problemlərdəndir. Tolerantlıq-aktiv sosial hərəkətdir. Bu sosial aktiv hərəkət dünyanı qoruyub saxlamağa xidmət etdiyindən 1995-ci ildə YUNESKO tərəfindən "Dözümlülük Prinsipləri Bəyannaməsi" qəbul olunmuş və 16 noyabr Beynəlxalq Tolerantlıq günü elan edilmişdir. 2008-ci ildə Avropa Tolerantlıq və Barışıq Şurası Tolerantlıq medalı təsis etmişdir. Bu mükafata Avropada dözümlülük və qarşılıqlı hörmət ideyaları uğrunda, həmçinin ksenofobiya, irqi və dini ayrı-seçkiliyə qarşı mübarizə sahəsində xidmətləri olan görkəmli şəxslər layiq görülür. İspaniyanın Kralı I Xuan Karlos, Xorvatiyanın prezidenti İvo Yosipoviç, Serbiyanın eks-prezidenti Boris Tadiç ilk mükafatçılardandır.
Tolerantlıq - ətrafdakılarla harmoniyada yaşamaq, əqidəsindən asılı olmayaraq hamını necə varsa, olduğu kimi qəbul etmək, mövcud vəziyyətə "başqasının gözü ilə baxmaq" bacarığıdır. Tolerantlıq mədəniyyətin təzahürüdür. Tolerantlığın inzibati metodlar hesabına formalaşdırılması mümkün deyil. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudmanın "Azərbaycanda dini dözümlülük heç də yeni konsepsiya deyildir. Bu ölkə yüzillər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, dözümlülüyə bariz nümunə ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə kimi göstərə bilərik" sözlərində böyük həqiqət var. Bu da həqiqətdir ki, Azərbaycan reallıqlarını inkar edənlər də vardır. İsraildəki "IC Public Relations Research" İnstitutunun direktoru,"İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak demişdir: "Tolerantlıq-Azərbaycan xalqının səciyyəvi cəhətidir və bu fikrə yalnız obyektiv informasiyaya malik olmayan adam etiraz edə bilər. Azərbaycan haqqında mənfi imic yaratmağa çalışsalar da, Azərbaycan yer üzündə yeganə dövlətdir ki, bir antisemitizm fakt belə qeydə alınmayıb. Əsrlər boyu etnik azərbaycanlılarla yanaşı yaşayan xalqlar assimilyasiyaya məruz qalmamışdır, onların hər biri öz dilini, ənənələrini, mədəniyyətini qoruyub saxlamışdır "fikri belələrinə tutarlı cavabdır.
2008-ci ildə Cənubi Osetiya ətrafında yaşanan beynəlxalq böhran bir daha onu göstərdi ki, tolerantlıq-sadəcə insanların birgə yaşam tərzini müəyyənləşdirən mədəni-psixoloji amil deyil, cəmiyyətdə və bütün dünyada regional, hətta qlobal səviyyədə sülhün bərqərar olunması üçün mühüm vasitədir. Bu nöqteyi-nəzərdən tolerantlığı nəinki sosial-iqtisadi inkişafın əsas prinsipi kimi, həm də ölkənin inkişafının əsasını təşkil edən sabitliyin və stabilliyin qorunub saxlanılması kimi xarakterizə etmək olar. Bakıda 2004-cü ildə "Cənubi Qafqazda tolerantlığın formalaşmasında islamın rolu" mövzusunda keçirilən seminarda Almaniyanın səfiri Klaus Qrevlixin “Azərbaycanda dinlər arasında yaranan dözümlülük və tolerantlıq münasibətləri hamı üçün, bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər. Azərbaycanın yaratdığı dövlət-din münasibətləri modelini artıq ixrac etməsi mümkündür. Bu sizin sərvətinizdir” deməsinin tarixi köklərinə vardım. Özünəməxsus etnodemoqrafik inkişaf xüsusiyyətlərinə malik olan Azərbaycanda 115-dən çox milləti, xalqı və etnosu təmsil edən insanlar yaşayırlar. Bu insan qruplarının hər birinin özünəməxsus milli xüsusiyyətləri və adət-ənənələri, dini etiqadları vardır. 1922-ci ilin dekabrında SSRİ yarananda onun 1,36%-ni Azərbaycan əhalisi təşkil edirdi. 1989-cu ildə bu rəqəm 2,45 % olmuşdu, yəni 67 il ərzində 1,09% çoxalmışdı. Azərbaycan əhalisinin sayına görə RSFSR, Ukrayna, Özbəkistan, Qazaxstan, Belarusdan sonra 6-cı, Zaqafqaziya respublikaları içərisində isə 1 yerdə dururdu. Titul xalqlarının say dinamikasına gəldikdə, müharibədən sonrakı bütün dövr ərzində ermənilər 1-ci yerdə durmuş, onların xüsusi çəkisi 1959-cu ildən 1989-cu ilədək 88,0%-dən 93,3%-ə çatmış və sovet dövrünün sonunda Ermənistan faktiki monoetnik respublikaya çevrilmişdir. 15 Respublika içərisində azərbaycanlılar titul xalqın xüsusi çəkisinə görə 1959-cu ildəki 7-ci yerdən (67,4%) 1989-cu ildə 2-ci yerə keçmişdi. Ruslar 1959-cu ildə (83,3%) 2-ci yerdə olsalar da, 1989-cu ildə (81,5%) 3-cü pilləyə enmişdi. Bu məsələlərin kökü yalnız demoqrafik proseslərdə deyil, SSRİ-də həyata keçirilən milli siyasətdə və etnopsixoloji mühitlə bağlı olduğu hamıya bəllidir. 1999-cu ildə müstəqil Azərbaycan Respublikasında keçirilən əhalinin ilk milli siyahıya alınması göstərdi ki, ölkəmizdə milli tərkib dəyişməyib. Ermənistandan bütün azərbaycanlılar deportasiya olunduğu halda, Azərbaycanda 120,7 min nəfər (1,5%) erməni yaşayır. Bütün millətlər bir-birinə qaynayıb-qarışıb, sanki bir ailədir. 1993-cü ildə Azərbaycanda anadan olan körpələrin 15,1%-i qarışıq ailələrin payına düşmüşdür. Həmin ildə doğulan və anaları erməni olan uşaqların 85,4%, rus 40,5%, yəhudi 34,9% və s. azərbaycanlı olanların isə cəmi 3,6% atalarını başqa millətlərdən olanlar təşkil etmişlər. Müsahiblərim "pis olsaydı, Azərbaycanda qalardıqmı?! Azərbaycan bizim vətənimizdir. Azərbaycanın milli qəhrəmanlarının siyahısında etnik millətlərdən olan şəhidlərin adlarına fikir verin" deyə, təhlükəsiz yaşadıqlarından razılıqla danışdılar.Azərbaycanda milli mənsubiyyətinə görə insanlara fərq qoyulmur. Millətçi deyilik. Rəsul Həmzətovun sözlərilə desək, bizdə yalnız iki millət mövcuddur: yaxşı insanlar və pis insanlar. Bakıda Jan Mironosets pravoslav baş kafedral kilsəsini 1907-ci ildə Zeynalabdin Tağıyev inşa etdirmişdir.Onun dəstəyi ilə Dağıstanda kumık dilində "Tanq Çolpan" adlı jurnal nəşr olunurdu. Tağıyev maliyyə yardımı göstərdiyi onlarla qəzet və jurnallarda özünün tənqidinə rast gəlsə də mətbuata yardımını dayandırmırdı. 1988-ci ildə Ermənistanda zəlzələ baş verəndə ən birinci köməyə gedən azərbaycanlılar olmuşdu. Göründüyü kimi dini dözümlülük yaşam tərzimiz, tolerantlıq millətimizin xarakteri ilə sıx bağlıdır. BMT-nin İrqi ayrı seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 2005-ci il 66-cı sessiyasında Azərbaycan Respublikası ilə bağlı qəbul olunmuş yekun qeydində də göstərilir: "Dağlıq Qarabağ rayonunda münaqişənin neqativ nəticələrinə baxmayaraq, erməni mənşəli şəxslər Azərbaycanda ayrı-seçkiliyə məruz qalmırlar". Təsadüfi deyil ki, "Avansena" romanında "Bakıda yaşamaq bir xoşbəxtlikdir" yazmış məşhur yazıçı Leonid Zorin jurnalistə açıqlamasında demişdir: "Bakı məftunedici şəhərdir. Nəhəng şəhər sanki böyük bir evdir. O qədər adama doğmadır ki, hansı tərəfdə olursansa bu Şəhər-evin hər yeri sənin özününküdür. Debillərin xəstəliyi olan millətçilik - bu şəhərdə tanınmırdı. Bakıda həmişə ərklə deyilən "Milliyyətim-bakılı" anlayışı mövcud olub.”
Düzdür, ölkəmizin çoxəsrlik tarixi ərzində din və məzhəb zəminində münaqişə baş verməyib, lakin dinlərarası münasibətlərə gərginlik gətirilib, müstəqillik illərində ölkəmizdə onlarla terror aktı törədilmiş, iki mindən artıq günahsız adamlar həlak olmuşdur. Tədqiqatlar onu göstərir ki, bunların səbəbi heç də din deyil, siyasətdir. Qarabağ münaqişəsinin də heç bir dini və etnik səbəbi yoxdur. Bakıda Beynəlxalq Tolerantlıq gününə həsr edilmiş konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadə Qarabağ probleminin din amili ilə bağlı olmasını söyləyən ermənilərin məkrli hərəkətlərinə Katalikos I Vazgenin sözləri ilə cavab vermişdir. "Qarabağ münaqişəsinin dinlərarası konflikt kimi təqdim olunması cəhdləri qəti yolverilməzdir və bunu edənlər Yaradan qarşısında ən ağır günah işlətmiş olurlar". Ancaq dünyadakı erməni icması Azərbaycanı daim fərqli səpkidən təqdim etməyə çalışır. 28.09.2002-ci ildə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə Nikolay Qribkov "Biz Yerevanda iki məscid gördük" deyəndə Azərbaycan Prezidenti Heydər Əliyev bildirmişdir: "Münaqişənin ilk dövründə onlar da dağıdılmışdı. Sonra onlar məscidləri iranlılara verdilər və indi deyirlər ki, bunlar Azərbaycan məscidi yox, İran məscididir. İranlılar da müəyyən şəraiti nəzərə alaraq, təbiidir ki, onları yenidən qurdular və bərpa etdilər. Bəs indi? Onlar bomboşdur, iranlılar isə oraya molla təyin ediblər. Molla məsciddə oturur, orada isə bir nəfər də müsəlman yoxdur ki, məscidə getsin. Başa düşürsünüzmü, necə fırıldaqdır. Belə misallardan çox çəkə bilərəm". Azərbaycanda hər kəsin istədiyi dinə etiqad etməsini, dini icmalar arasındakı qarşılıqlı anlaşmanı hər kəs görür. Roma papası İoann Pavel demişdir: "Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir". Araşdırdığım sənədlərdən bəlli oldu ki, tarixən xristian və yəhudilərlə münasibətdə azərbaycanlılar daim dözümlü münasibət göstərmiş, hətta hakimiyyət pillələrində həmin din mənsublarına müəyyən yerlər verilmişdir. Teokratik rejimlə idarə olunan Səfəvilər dövlətində də vəzirlər əsasən xristianlardan ibarət olub. İran tarixçisi Nəsrullah Fəlsəfi yazır ki, miladi 1608-ci ilin ramazan ayında Şah Abbas bir sıra dövlət xadimləri və ruhanilərlə birgə İsfahan katoliklərinin kilsəsinə gedib, onları ziyarət etmişdir. Xristianlar İsa peyğəmbərin(ə) doğum gününü qeyd edəndə onlara bir neçə donuz göndərmişdi. İspaniya hökmdarı III Filippin səfiri Antonio Dodoqa bununla bağlı yazmışdır: "Biz 3 saat şahla birgə kilsədə olduq və çox məsələdən danışdıq. Əvvəllər İran şahlığında İsa kilsəsi tikmək mümkün deyildi..." Bundan aydın olur ki, müsəlmanlar heç bir zaman, heç bir ölkədə zorla islamlaşdırma siyasəti aparmamışlar. Bu da öz növbəsində azlıqda qalan xristianlarla müsəlmanların arasında tayı-bərabəri olmayan dialoqa yol açmışdır. Dini münasibətlərin kəskin olduğu vaxtda özünü İslam xilafətinin varisi elan edən osmanlılarla xristian kilsəsi arasında çox sıx əlaqələr mövcud idi. Məsələn, III Şarl osmanlılara qarşı səlib yürüşünə çıxmağı düşünərkən, Papa II Urbanın xələfi Papa VI Aleksandr Borgia sultan II Bəyazidlə dostluq münasibəti qurmuşdu. Qərb dövlətlərinin o dövrün böyük müsəlman imperiyası Səfəvilərlə sıx münasibətləri tarixi mənbələrdə öz təsdiqini tapıb. İndi də etniklər parlamentdə, icra orqanlarında təmsil olunurlar.
Politoloq A.Kseniyas demişdir ki, ”müxtəlif amillər üzündən xalqlar müxtəlif rejimli dövlətləri seçə və dəstəkləyə bilər. Lakin bu o demək deyildir ki, "bu seçim" həmin xalqların dini ideologiyası və konfessional statusu ilə bağlıdır. Xalqlar dinləri özlərinin uzun tarixi inkişafları nəticəsində əldə edirlər. Müsəlman ölkələrində demokratik prinsiplərə sadiqlik və onların dəstəklənməsi Qərb dövlətlərində olduğundan heç də az deyildir". Bu gün respublikamızın yeritdiyi milli siyasətə təsir göstərən əsas amillər xalqımızın milli təfəkkürü ilə bağlı olub XX əsrin əvvəllərindən təşəkkül tapıb formalaşmağa başlayıb. Milli ideya, milli özünüdərk və müasir Azərbaycan mövzusu SSRİ dağılandan sonra xüsusi əhəmiyyət kəsb etmişdir. Və ümummilli liderimiz Heydər Əliyevin titanik siyasi fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövlətində milli ideya milli quruculuğun əsas təməl prinsipi, dövlətçiliyin mühüm istinad nöqtəsi kimi təşəkkül tapmışdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dini dözümlük, ümumiyyətlə tolerantlıq mühiti daha da möhkəmlənmiş, ümummilli lider Heydər Əliyevin dövlət-din siyasətinə uyğun olaraq tolerantlıq dövlət həyatının prioritet istiqamətinə çevrilmişdir. Postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında Fərmanı imzalanmışdı. Sovetlər dönəmində Azərbaycanda 18 məscid vardısa, indi onların sayı 1834-dür, 5 pravoslav, 1 katolik, 4 gürcü-pravoslav kilsəsi, 6 sinaqoq, 7 yəhudi dini icması fəaliyyət göstərir. 576 icma dövlət qeydiyyatına alınıb. Son 8 ildə Azərbaycanda 117 məscid, 1 kilsə və 1 sinaqoq inşa olunub, onlarla məscid, 4 kilsə, 2 sinaqoq əsaslı təmir edilib. Avropada ən böyük sinaqoq məhz Bakıda yerləşir. Vaxtilə Z.Tağıyevin inşa etdiyi kilsəni iş adamı Aydın Qurbanov əsaslı təmir etmişdir. Bu hadisə dini dözümlülük, tolerantlıq, dinlərarası dialoq və əməkdaşlıq münasibətlərinin rəmzidir.
“İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda milli azlıqların mədəni irsinin inkişafı Azərbaycan Hökumətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulub. 2001-ci ildə Böyük Britaniyanın Lordlar palatasında "Dünyəvi dövlətdə dinlərin birgəyaşayışı: Azərbaycanın pozitiv təcrübəsi" adlı seminarın keçirilməsi göstərdi ki, ölkəmiz hələ onillik müstəqil inkişaf dövründə dini tolerantlıq və dözümlülük nümunəsi imicini qazanmışdır. Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunmuşdu. Son illər Bakıda mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı beynəlxalq sammitlərin, forumların keçirilməsi ölkəmizdə dini və milli demokratiyanın tam bərqərar olduğunu deməyə əsas verir. Bu çox gözəl haldır ki, Azərbaycan islam dininə mənsub olsa da , məhz dinin ölkəmizdə hakim olmasına imkan verilməyib. Azərbaycanın dini nüfuzuna gəldikdə isə Qafqazda şeyxülislamlıq təsisatı 1823-cü ildən yaranıb və o vaxtdan etibarən Qafqazın bütün şeyxülislamları Azərbaycandandır. SSRİ dağıldıqdan sonra sovet məkanında mövcud olan bütün müsəlman dini təşkilatlar parçalanmış, ancaq Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin fəaliyyəti daha da genişlənmişdir. Prezident İlham Əliyevin dinlərarası sülhün və həmrəyliyin möhkəmlənməsinə sanballı töhfə verdiyinə görə Rus Pravoslav kilsəsinin I dərəcəli Şöhrət və Şərəf ordeni, "Müqəddəs Apostol Varfolomey" Qızıl Medalı ilə təltif edilməsi ölkəmizdə sağlam dini dəyərlərin mövcudluğunu göstərir. İSESKO tərəfindən 2018-ci il üçün "Naxçıvan İslam mədəniyyətinin paytaxtı" elan edilib. Gəncə və Şəki də "İslam mədəniyyətinin paytaxtları" layihəsində iştirak edəcək. Mübaliğəsiz, dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsidir, Odlar Yurdunun milli tolerantlığı, millətlərarası münasibətləri, dini dözümlülüyü layiqli olaraq dünya dövlətlərinin diqqət mərkəzindədir.
Səidə Hüseynova (Bahadurqızı),
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Qeyd: Məqalə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən elan olunmuş müsabiqəyə təqdim etmək üçündür.