“Azərbaycanda narkotik istifadəçilərinin sayı 23-25 min nəfəri keçib”. Lent.az-ın məlumatına görə, bu rəqəmlər Firudin bəy Köçərli adına Respublika Kitabxanasında Azərbaycan Uşaqlar Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Sağlam gəncliklə sağlam gələcəyə doğru” layihəsi çərçivəsində keçirilən təlimdə səslənib: “Lakin qeyri-rəsmi məlumatlarda bu rəqəmin 300 minə yaxın olduğunu bildirilir. Narkotikaya meyl edənlərin 45 %-ni gənclər təşkil edir. Heroin istifadəçilərinin 64.6 %-i iri şəhərlərdə - Bakı, Sumqayıt, Gəncə, Lənkəranda cəmlənib. Azərbaycanda narkomaniya cavanlaşaraq, 13-14 yaşa keçib. Azərbaycan Uşaqlar Birliyinin 2011-ci ildə küçə uşaqları arasında keçirdiyi sorğular zamanı məlum olub ki, yüngül həyat tərzi keçirən yeniyetmələrin 90%-i həyatında ən azı bir dəfə narkotik, yaxud toksik maddəni sınaqdan keçirib. Həmçinin, onların 72%-i belə maddələrdən müəyyən asılılıq həddindədir.”.
Tədbirdə qeyd olunub ki, uşaq və gənclərin narkotik vasitələrə meyl etmələri digər bəlaların da artmasına səbəb olur: “Narkotik əldə etmək istəyən gənclər bu məqsədlə hər cür yola əl atırlar. Belə insanları öz caynağına keçirmək üçün hazır olan müxtəlif cinayətkar qruplar gənclərin zəif cəhətlərini yaxşı bildiklərindən onları müxtəlif yollarla tovlayaraq öz istəklərini reallaşdırmaq fürsəti əldə edirlər. Təcrübə göstərir ki, narkotiklərə qurşanmanın yolu ilk olaraq siqaret və alkoqollu içkilərə aludə olmaqdan keçir. Böyükləri özlərinə nümunə götürən uşaqlar bəzən onlardan pis nümunələr də alırlar. Siqaret çəkmə, alkoqollu içkilərə meyl və s. zərərli adətlər bəzən yeniyetmələr üçün cəlbedici olur. Bu vərdişlər zaman-zaman daha da inkişaf edir, narkomaniya, toksikamaniya kimi yoluxmaya səbəb olur”.