Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaxın günlərdə “www.iravan.az “ internet jurnalı üzərindən “İrəvan” virtual muzeyinin 3D formatının təqdim edəcək.
Bu barədə Lent.az-a açıqlama verən birliyin sədri Vüsalə Hüseynli bildirib ki, layihənin məqsədi Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı və millətimizin 4 dəfə öz doğma yurdundan deportasiya olunması, tariximizin süni yollarla saxtalaşdırılması, mədəniyyətimizin mənimsənilməsi faktlarının dünyaya çatdırılmasıdır:
“Bilirsiniz ki internetin populyar olduğu bir dövrdə insanlara yalnız tarix təqdim etməklə hədəfə çatmaq bir az çətin olur. Bu səbəbdən biz düşündük ki, bu jurnal vasitəsilə hədəfimizə çatmaq üçün jurnalı bir az rəngləndirməliyik. Bu baxımdan sayta giriş edən xaricilərin, eyni zamanda gənclərimizin İrəvana virtual səyahətini həyata keçirmək üçün “İrəvan” virtual muzeyinin 3D formatı hazırlandı.”
Vüsalə Hüseynli onu da qeyd edib ki, oxuculara virtual muzeylə yanaşı, oxuculara jurnalın yeni formatı, yeni dizaynı da təqdim olunacaq.