Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni qeydiyyatdan keçmiş 17 dini icmaya şəhadətnamələr təqdim edilib.
DQİDK-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə təşkil edilmiş toplantıda iştirak etmiş komitənin sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərindən danışıb.
Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələrini verən M. Qurbanlı icmaları daha aktiv olmağa, yerlərdə axund və imamlarla, eləcə də QMİ-nin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməyə çağırıb.
Eyni zamanda komitə sədri dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.
Sonda Ramazan ayı münasibətilə toplantı iştirakçılarını təbrik edən M. Qurbanlı qeydiyyat şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib.