«Şahinlər» hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatıb. Lent.az-ın məlumatına görə, Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan düşərgədə Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrin, Qarabağ müharibəsi əlilləri, veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan yeniyetmələr iştirak ediblər. Düşərgə Qubada 2 həftə müddətində ödənişsiz olub.
Ümumilikdə 250-dən çox nəfər uşağın iştirak etdiyi düşərgə Qubanın mənzərəli yerində yerləşən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Quba filialının ərazisində təşkil olunub.
Düşərgə müddətində uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırım muzey-kompleksinə gəzintiləri təşkil olunub, istirahətin 1 günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilib. Məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçib, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olub, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılıblar.
Sonda layihə təşkilatçıları Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov, DİN Daxili Qoşunlar Komandanının müavini, general-mayor Fəxrəddin Səmədov və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim ediblər.
Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdiriblər. Respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən konsertdə düşərgədə istirahət edən uşaqlar da öz məharətlərini göstəriblər.
Qeyd edək ki, gənc nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, istiqamətində Səbail rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunları və Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin birgə layihə əsasında təşkil olunub.