Təhsil nazirinin əmrinə əsasən, 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu sentyabrın 10-dək həyata keçirilməlidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nin təsdiq edilməsi barədə əmrinə əsasən, hər il 16 sentyabr-31 dekabr müddətində 6 yaşı tamam olacaq uşaqlar müsahibəyə cəlb edilirlər. Həmin əmrin 8-ci bəndinə əsasən, müsahibə komissiyaları rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilməlidir.
Bundan başqa, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaq.
Qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahan verib uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirən 6 yaşı tamam olmayan uşaqlar müsabiqədənkənar qəbul edilə bilər.