6 il sonra, 6 nəfərlə birinci
05 mart 2013 00:49 (UTC +04:00)

6 il sonra, 6 nəfərlə birinci

Mənim onlarla tanışlığım…pişikdən başladı. Hə, məhz pişikdən - "Persik"dən. Düzdü, APASPORTun rəhbəri İxtiyarla illər öncə yollarım kəsişmişdi; bir yerdə işləmişdik. Amma bu uşaqlarla bir binada, bir şirkətdə işləsək də, liftin qapısı önündə siqaret çəkmə mərasimini nəzərə almasaq, elə bir salam-əleykimiz də yox idi. Günlərin birində məsələyə "Persik" qarışdı. 

Daha doğrusu, araya Persiklə bağlı yazdığım bir yazı girdi. Deyəsən, onlara da ləzzət eləmişdi. Beləcə, "Persik" münasibətlərdə körpü ola bildi. İndi mən onları, Tahiri, Vüqarı, Mehmanı, adaşım Səbuhini və təbii ki, Neməti "Persikin dostları klubu"nun üzvləri adlandırıram. Zarafatla təbii. 

Amma bütün bu münasibətlərdə zarafat olmayan məqamlar var. Və bu məqamlar daha önəmlidir. Onlar, sayları bir əlin barmaqları qədər olan bu uşaqlar ölkənin idman profilli elektron KİV-ində nəinki liderdirlər, ümumiyyətlə, diktə edirlər. İdmandan yazan və ya özü idman profilli elə bir KİV yoxdur ki, hər gün onların yaydıqları xəbərdən istifadə etməsinlər. Bu, bir həqiqətdir, reallıqdır.

Hərəsinin öz yeri var, hərəsinin öz sahəsi. Amma inandırıram, universaldırlar. "Xilləli Vüqar"ı tanyırısınızmı? Yox, avtoritet deyil. Amma idman, xüsusən də futbol statistikasının avtoriteti deyə bilərik. Vüqar Xeyrullayevi deyirəm. Ağzını açmağa peşmansan ki, artıq tarixin arxivinə qovuşmuş tutaq ki, hansısa "Viləş"dən bir söz soruşasan, anındaca Alay Bəhramovun çempionatda neçə qol vurması cəhənnəmə, necə qol vurduğunu da birbəbir desin. Bu hələ harasıdır? 

Ağ "Yava"ya bir az güc versə, Boris Bekkerin Andre Aqassiylə Uimbldondakı son oyununu hansı setlə kimin xeyrinə başa çatdığını da yadına salacaq.

Tahir APASPORTun voleybol bilicisidir. Nəinki APASPORTun, bəlkə də Azərbaycanda voleybolu ondan yaxşı bilən bir, ya iki adam ola. Amma bu bölgü də şərtidir. İstəyirsən, futboldan danış, istəyirsən qolfdan, hardan desən xəbər verəcək. Hələ mən biatlon, bobsley, nə bilim, kriketi-filanı demirəm. Pokerdən də başı çıxır. Ağlınıza başqa şey gəlməsin, güləşi olimpiya növündən çıxarırlar, onun yerinə pokeri salırlar, təzə idman növüdür.

Üçlüyü isə Mehman tamamlayır. Süleymanov deyəsən, sırf futbol üzrə ixtisaslaşıb. Çünki Tahirlə Vüqardan fərqli, siqaret çəkmir. Düzdür, hər siqaretçəkmə mərasimində onların pülədiyini udmaq xoşbəxtliyi ona da nəsib olur. Amma özü də bilir ki, oteldə yanmaqdansa, tüstü udmaq yaxşıdır. Mehman Azərbaycanda tək-tük müxbirlərdəndir ki, millinin və ya avroliqada çıxış edən klublarımızın əksər oyunlarından məhz onun vasitəsilə xəbər tuta bilirik. Açığı, bu sahədə onun əvəzi yoxdur.

Adaşım, amma Tofiq kişinin oğlu idman aləmində çoxdandır. APASPORT ailəsinə isə təzə gəlib. Öz işini biləndir. Necə deyərlər, başını salıb xəbərini yazır, gözündən bircə xəbər də qaçmaz. Nemətdən fərqli, saman altdan su yeritməz. 

Neməti, APASPORTun tərcüməçisini deyirəm, narahat olmayın, xoşməramlı su yeridəndəndir. Daha doğrusu, sadəlövh kimi görünsə də, çoxunu suya susuz aparıb, susuz gətirər. Amma zarafatsız, APASPORT üçün əvəzsiz kadrdır. Xəbəri və ya hansısa iri müsahibəni bir göz qırpımındaca tərcümə eləsin.

Düz tapmısız, APASPORT iki dildə yayımlanır. APA İnformasiya Agentliyinin kiçik bir şöbəsi kimi fəaliyyətə başlayan APA-nın "idmançıları"ı düz 6 il bundan əvvəl "müstəqilliyini" elan etdilər. İxtiyar Əsgərov sözün həqiqi mənasında Azərbaycan KİV-də möhtəşəm bir agentliyin əsasını qoyub, onu ölkənin demək olar bir nömrəilisi edə bildi. Adama elə gəlir ki, APASPORTun 6 yox, az qala 60 yaşı var. Çünki daha müdrik, təcrübəli, sanki on illərin oturuşmuş agentliyi kimi görünür. 

Və bu gün bu 6 yaşlı ağsaqqalın ad günüdür. Təbii, təbriklər olacaq, tort da kəsiləcək. Çay da içiləcək, yəqin başqa şeylər də. Amma sıradan bir gün olacaq. Yenə xəbər axtarışında, yenə eksklüzivlər, yenə 24 saat xəbər istehsalı. Əslində bu, onların missiyasıdır. APASPORTa neçə nəfər gəlib, neçəsi gedib. Hələ neçəsi də gələcək. Amma bu missiyanın məramı heç vaxt dəyişməyəcək. Buna onların İXTİYARı yoxdur. 

Bax, belə. Yazını bitirdim. Elə "Persik" də miyoldadı…


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar