Səhiyyə müəssisələrində fevralın 15-dən başlanan tibbi müayinə tədbiri uğurla icra olunur.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, 15.02.2017-ci il tarixindən-15.03.2017-ci il tarixinədək ölkə üzrə ümumilikdə 1940603 ölkə vətəndaşı icbari dispanzerizasiyadan keçib. Bunlardan 1715014 böyüklərin, 225589 nəfər isə uşaqların payına düşür.
Bildirilib ki, müayinələr zamanı ümumilikdə 3053 nəfərdə infeksiyon, 793 nəfərdə yenitörəmələr, 4368 nəfərdə qanyaradıcı xəstəliklər, 4368 nəfərdə endokrin və s xəstəliklər aşkarlanıb.
Bundan başqa, tibbi müayinədən keçirilənlər sırasında həzm üzvlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə, dəri xəstəliklərinə, tənəffüs, görmə və eşitmə pozğunluqlarına, hamiləlik və zahılıq dövrünün xəstəliklərinə də rast gəlinib.
Aşkarlanmaların nəticəsi olaraq 30518 nəfər dispanser qeydiyyata götürülüb. 70535 nəfər sağlamlaşdırılıb, 13366 hospitalizə olunub, 783745 əlavə müayinələrə cəlb olunub. Bura rentgen, laborator, USM və EKQ müayinələri daxildir.