Telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemi - mobil cihazların qeydiyyat sistemi (MCQS) fəaliyyətini davam etdirir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sistemə artıq 13 milyondan çox cihaz haqqında məlumat daxil edilib.
Qeyd edək ki, mobil cihazların qeydiyyatının aparılması Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiqlənib. Mobil cihazların qeydiyyat sistemi RİTN-nin Məlumat Hesablama Mərkəzində (MHM) yaradılıb. Mobil cihazların qeydiyyatı ilə texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınması, itirilən və ya oğurlanan mobil cihazların istifadəsinin dayandırılması, ölkə ərazisinə gətirilən mobil cihazlara mövcud qaydalara əsasən uyğunluq sertifikatlarının alınması, telekommunikasiya bazarında istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradılması, qeyri-qanuni yollarla idxal edilən mobil cihazların və dövlət büdcəsinə ödənişlərdən yayınma hallarının qarşısının alınması təmin edilir.