Fərdin Muradpur 1990-cı ildə Təbrizdə dünyaya göz açıb. 12-13 yaşlarından Güney Azərbaycan Milli Hərəkatının tələbləri uğrunda mübarizəyə qoşulub.
Lent.az-ın məlumatına görə, ilk dəfə 14 yaşında həbs olunan Fərdin Muradpur davamlı olaraq təqiblərə məruz qalıb. Dəfələrlə həbs edilən bu azərbaycanlı gənc 2009-cu ildə May hadisələrinin 3-cü ildönümündə polisin açdığı iki gülləyə tuş gəlib. Ağır yaralanan soydaşımız 13 gün xəstəxanada müalicə alıb.
Tam sağalmamış "Ettelaat" əməkdaşları tərəfindən gecə saatlarında təcridxanaya aparılıb. Orada 26 gün təkadamlıq kamerada saxlanılan Fərdin Muradpur işgəncə ilə keçən 65 günlük həbs həyatından sonra Təbriz zindanına köçürülüb.
Fərdin Muradpurun tək özü deyil, ailəsi də təqiblərə məruz qalır. Valideynləri də 37 gün "Ettelaat"ın təcridxanasında saxlanılıb. Qardaşı Mürtəza da Fərdin Muradpurla eyni ildə həbs edilib və ağır işgəncələrə məruz qalıb.
Bu gün 23 yaşı tamam olan bu türk gənci saxta ittihamlara həbsxanadadır. Tehran hakimiyyəti “hakimiyyət qarşı təbliğat aparmaq, asayişi pozmaq” kimi saxta ittihamlarla onu 6 il müddətinə azadlıqdan məhrum edib.