“Xalq cəbhəsi” qəzetinin 20 illiyi qeyd olundu -FOTO
30 noyabr 2021 18:35 (UTC +04:00)

“Xalq cəbhəsi” qəzetinin 20 illiyi qeyd olundu -FOTO

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Xalq cəbhəsi” qəzetinin fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş toplantı keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, “Xalq cəbhəsi” qəzeti 20 il öncə partiya təmayüllü mətbuat orqanı statusunda yaransa da, özünü milli qəzet kimi təsdiqləyib. O qeyd edib ki, nəşrin səhifələrində milli məfkurə saflığı, türkçülük ideyaları, azərbaycançılıq vəhdətdə götürülüb:

“Ən əsası isə qəzet Azərbaycanın bütövlüyü ideyasına məxsusi yanaşma və çalarlar ortaya qoymağı bacarıb. Cənub mövzusu onun səhifələrində daha dolğun və sistematik şəkildə oxuculara çatdırılıb. Qəzet mövcud müstəvidəki əks-meyllərə qarşı ideoloji mübarizə əzmini də nümayiş etdirməklə püxtələşib. Bu günün “Xalq cəbhəsi” qəzeti peşəkar komandaya malik ümummilli məsələləri, dövlət maraqlarını, xalqın və millətin mənafelərini üstün tutan yaradıcılıq mərkəzidir. Belə bir yüksək mövqeyə sahiblik illərin zəhmətinin bəhrəsidir. 15 ildir qəzetə istedadlı həmkarımız, şair, publisist və siyasi xadim, politoloq Elçin Mirzəbəyli rəhbərlik edir. Onun başçılığı ilə qəzet müasir dövrün tələblərinə xas şəkildə fəaliyyətdədir. Nəşr artıq media qrupu formatına uğurlu keçidə imza atıb. Bunlar isə bütövlükdə Azərbaycanın mətbuat ənənələrinə verilən dəyərin, yazıb-yaratmaq, cəmiyyət üçün faydalı olmaq arzusunun təzahürüdür. Bunlara görə Azərbaycan Mətbuat Şurası “Xalq cəbhəsi” qəzetini fəxri diploma layiq görüb”, - deyən Ə.Amaşov diplomu qəzetin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elçin Mirzəbəyliyə təqdim edib.

Baş redaktor E.Mirzəbəyli “Xalq cəbhəsi” qəzetinə verilən dəyərdə onun hər bir əməkdaşının payının olduğunu bildirib. O deyib ki, çətin transformasiya dövründə nəşrin bütün imkanlardan istifadə edə bilir və bunun kökündə qəzetçilik ənənələrinə sadiqlik dayanır, “Xalq cəbhəsi” isə ilk növbədə ənənələri qoruyan strukturdur. E.Mirzəbəyli çıxışında həmçinin toplantı iştirakçılarına öz adından və rəhbərlik etdiyi qəzetin kollektivi adından təşəkkürünü bildirib.

 

# 771
avatar

Oxşar yazılar