Bu gün bəzi saytlarda APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızının işindən ayrılması, media qrupa yeni Baş direktor təyinatı ilə bağlı əsassız və yalan məlumat yayılıb.
APA Media Qrup olaraq bildiririk ki, son bir il ərzində qrupda çoxsaylı struktur dəyişiklikləri aparılıb. Belə ki, qrupa daxil olan media qurumlarında rəhbər dəyişikliyi olub, strukturun xeyli hissəsi yenidən formalaşdırılıb, daha çox gəncləşdirilib.
APA Media qrupa daxil olan APA İnformasiya Agentliyinə Fərid Mirzəyev, APA TV-yə Orxan Məmmədli, lent.az saytına Hafiz Heydərov, vesti.az saytına Emil Quliyev, kulis.az saytına Ulucay Akif baş redaktor təyin olunublar.
Buna qədər APA İnformasiya Agentliyinin Baş redaktoru kimi fəaliyyət göstərmiş Nurşən Quliyev APA Media Qrupun Baş direktorunun birinci müavini təyin edilib.
Vüsalə Mahirqızı isə APA Media Qrupun Baş direktoru kimi öz vəzifəsini icra edir.
Bir daha həmkarlarımıza və ölkə ictimaiyyətinə qrupumuza olan həssas münasibətə görə təşəkkür edirik. Eyni zamanda həmkarlarımızı dəqiqləşdirilməmiş və qeyri-ciddi məlumatları, şayiələri xəbərə çevirməməyə çağırırıq.