Dövlət ümumi təhsil müəssisələrinin VI sinif şagirdləri üçün monitorinq keçirilir.
Bu barədə Lent.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, monitorinqlər tədris dili, riyaziyyat və təbiət fənləri üzrə təşkil olunur.
Tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, qüvvə və hərəkət, ətraf mühit və insan məzmun xətlərini əhatə edir. İmtahanın müddəti 150 dəqiqədir. Tədris dili fənni üzrə 25 qapalı, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq sual təqdim olunacaq.
Hər cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavablara təsir göstərmir.
Xatırladaq ki, mayın 18-də IV sinif şagirdləri üçün monitorinq keçirilib. Monitorinqlərdə istifadə edilən qiymətləndirmə vasitələri IV və VI siniflər üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanır. Monitorinqdə ümumilikdə 300 minə yaxın məktəbli iştirak edəcək. Bütün dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə onlar monitorinqdə iştirak etməyə bilərlər.
Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda, tədrisin keyfiyyətinin artırılmasıdır.
Bu monitorinqlərin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.