Rusiya-Ukrayna müharibəsində Putinə dəstək olan 500 rusiyalı yazıçı ona məktubu yazıb. Məktub yazanlar arasında azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Knyaz Qoçaq (Qurbanov Knyaz Qoçaq oğlu) da var.
Lent.az azərbaycanlı yazıçının kimliyini araşdırıb.
Knyaz Qoçaq oğlu Qurbanov 1954-cü ilin dekabrın 26-da Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. 1977-ci ildən Rusiyanın Xantı-Mansiysk vilayətində yaşayır.
Yazıçı 1986-cı ildə Tümen Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əvvəllər tikintidə xarrat, təmirçi, neft operatoru vəzifələrində çalışıb.
O, həmin ərəfədə ədəbi yaradıcılıqla məşğul olub. O, həm Azərbaycan, həm də rus dillərində çap edilib.
Onun yazıları “Literaturnaya Rosiya”, “Literaturnaya Azerbyadjan”, “Literaturnaya uçeba”, “Mir severa”, “Yuqra”, “Yunost”, “Erintur” qəzət və jurnallarında dərc olunub. Azərbaycan dilinə bir neçə rus şair və yazıçıların əsərlərini tərcümə edib.
O, “Qoçaq” ləqəbi ilə yazır. 2000-ci ildən Azərbaycan, 2003-cü ildən isə Rusiya Yazıçılar Birliyinin üzvüdür.
Qeyd edək ki, hazırda Sibirdə - Pıtyax şəhərində yaşayır və orada nəşr olunan “Novaya Severnaya qazeta”nın sosial şöbəsinin redaktorudur.
Məlumat üçün bildirək ki, Knyaz Qoçaq Rusiya-Azərbaycan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə, Rusiya Federasiyası Xantı-Mansiysk Muxtar Dairəsinin Əməkdar mədəniyyət xadimi adına layiq görülüb.
Qeyd edək ki, “Literaturnaya qazeta”da dərc olunan bu müraciətdə Knyaz Qurbanov da daxil olmaqla 500 yazıçı Ukrayna hakimiyyətini “faşist” rejim adlandıraraq, müharibəyə haqq qazandırmışlar.