Azərbaycanın bir qrup media təmsilçisi tanınmış jurnalist Araz Zeynalovun səhhətində yaranmış ağır durumla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Lent.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, böyük jurnalistika təcrübəsinə malik, ömrünü peşəsinə sərf etmiş Araz Zeynalovun səhhətində ciddi problem yaranıb. Jurnalistin qarşılaşdığı kardioloji xəstəlik onun üçün həyati təhlükəyə çevrilib.
Vəziyyəti son dərəcə ağırdır. Həkimlər Araz Zeynalovun tezliklə cərrahi əməliyyat keçirməsinin vacibliyini bildiriblər.
Əməkdar jurnalist, uzun illər "Xalq qəzeti"ndə o zamankı ("Kommunist") məsul postlarda çalışmış Hidayət Zeynalovla jurnalist Məryəm Həsənzadənin ailəsində boya-başa çatmış A.Zeynalov media cameəsində mədəni və qayğıkeş həmkar, jurnalistikanın cəmiyyətə qazandırdığı ziyalı, dərin düşüncə adamı kimi qəbul edilir.
O, Bakı Dövlət Universitetində jurnalistika ixtisası üzrə təhsil aldıqdan sonra əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzetində başlayıb. Müxbir, şöbə müdiri, baş redaktorun müavini işləyib. Daha sonra "Panorama" qəzetinin baş redaktoru olub. Bu nəşrin müstəqillik dövrü milli mətbuatımızda nümunəvi mətbuat orqanı kimi tanınması Arazın peşəkarlığının, bacarıqlı təşkilatçılıq qabiliyyətinin nəticəsi idi. A. Zeynalov uzun illər "Vesti.az" saytına rəhbərlik edir. Bu sayt rusdilli elektron kütləvi informasiya vasitələri sırasında ən populyar platformalardan biridir.
Belə yüksək status isə A.Zeynalovun əməksevərliyinin, işinə məsuliyyətlə yanaşmasının nəticəsidir.
Məktubda, həmçinin, Azərbaycan dövlətinin jurnalistlərin sosial durumlarına, sağlamlıq vəziyyətlərinə hər zaman həssas və diqqətli yanaşdığı vurğulanıb. Eyni yanaşmanın jurnalist Araz Zeynalova da şamil edilməsi xahiş edilib. Onun müalicəsinin təşkili üçün dövlət başçısı tərəfindən müvafiq tapşırığın veriləcəyinə, A. Zeynalovun tezliklə sağalaraq işinə davam edəcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, A.Zeynalovun səhhətində yaranmış durumla bağlı Prezident İlham Əliyevə müraciəti Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay, APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı, APA İnformasiya Agentliyinin baş redaktoru Nurşən Quliyev, "Lent.az" saytının baş redaktoru Hafiz Heydərov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, REAL TV-nin rəhbəri Mirşahin Ağayev, “Ayna”, “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı, millət vəkilləri Rafael Hüseynov, Aqil Abbas, Ümid Partiyasının sədri İqbal Ağazadə, Xalq artisti Ramiz Həsənoğlu, Əməkdar mədəniyyət işçisi Sevinc Mütəllimova, professorlar İlham Rəhimli, Qulu Məhərrəmli, Azərbaycan Demokratik Jurnalistlər Liqasinin rəhbəri Yadiqar Məmmədli, “Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev, əməkdar jurnalist Qabil Abbasoğlu, tanınmış jurnalistlər Rafiq Fərəcov, Sadiq Gözəlov, Afaq Vasifqızı, İbrahim Nəbioğlu, Kənan Quluzadə, Fikrət Adıgözəlli, Tofiq Abbasov, Mətin Yaşaroğlu, Вəhram Batıyev, Səbuhi Məmmədli, Azər Rəşidoğlu, Zaur Nurməmmədov, Fərid Teymurxanlı və Vüqar Həsənov imzalayıblar.