Azərbaycana “xəyanət”  deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?
27 sentyabr 2026 20:35 (UTC +04:00)

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

0

Azərbaycanı ittiham edənlər əvvəlcə rəqəmlərə baxsınlar: ritorika ayrı, reallıq ayrı

Son günlər Türkiyənin media və sosial şəbəkə seqmentinin müəyyən hissəsində Azərbaycanı hədəfə alan, xüsusilə Fələstin–İsrail mövzusu üzərindən qurulan ittihamların intensivləşməsi diqqət çəkir.

Azərbaycanın İsraillə diplomatik və iqtisadi münasibətləri, SOCAR, hətta BMT Baş Assambleyasının iclas zalında bir azərbaycanlı diplomatın olması belə ayrı-ayrı paylaşımlarda “xəyanət”, “satqınlıq” kimi təqdim edilir.

Lakin biz emosional ritorikanı kənara qoyub rəqəmlərə və həmin ittihamları səsləndirən ölkənin öz iqtisadi münasibətlərinə nəzər salacağıq. Real vəziyyətə baxanda ortaya daha mürəkkəb və suallar dolu mənzərə ortaya çıxır.

Əvvəla, Azərbaycanla Türkiyə arasındakı münasibətlər hansısa sosial media hesablarının müəyyən etdiyi çərçivə ilə deyil, iki dövlətin qəbul etdiyi sənədlərlə müəyyənləşir. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsində hər iki ölkənin müstəqil xarici siyasət həyata keçirdiyi, milli maraqlarını qoruduğu, münasibətlərini suverenlik və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurduğu açıq şəkildə təsbit olunur. Bəyannamə, eyni zamanda, Azərbaycan və Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırıb. 

Deməli, Azərbaycandan Türkiyənin seçdiyi bütün xarici siyasət addımlarını təkrarlamağı tələb etmək Şuşa Bəyannaməsinin məntiqinə belə uyğun deyil. Müttəfiqlik eyni dövlət olmaq deyil; müttəfiq dövlətlərin hər birinin öz diplomatik və iqtisadi maraqları mövcuddur.

İsraillə ticarət: rəsmi bəyanatlarla beynəlxalq statistika niyə fərqlənir?

Türkiyə hökuməti 2 may 2024-cü ildən İsraillə bütün idxal və ixrac əməliyyatlarını dayandırdığını açıqlayıb. Türkiyənin Ticarət Nazirliyi və Prezident Administrasiyasının Kommunikasiya İdarəsi dəfələrlə bəyan edib ki, həmin tarixdən sonra İsrail istiqamətində Türkiyə gömrüyündə ixrac və ya idxal bəyannaməsi qeydə alınmayıb. 

Amma məsələ bununla bitmir...

UN Comtrade məlumatlarına əsaslanan hesablamalarda Türkiyə 2024-cü ildə İsrailin ən iri mal mənbələrindən biri olaraq qalır və Türkiyə mənşəli idxalın təxminən 2,86 milyard dollar olduğu göstərilir. Bu göstərici Türkiyəni həmin il İsrailə mal göndərən əsas ölkələr sırasında saxlayıb. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, 2024-cü ilin göstəricisi bütöv ili əhatə edir və yanvar–aprel dövründə, yəni tam qadağadan əvvəl həyata keçirilmiş ticarəti də özündə birləşdirir. 

Daha maraqlı məsələ 2025-ci ilin statistikasıdır. İsrail məlumatlarına əsaslanan hesabatlarda 2025-ci ilin yalnız ilk beş ayında Türkiyə mənşəli təxminən 393,7 milyon dollarlıq malın İsrail idxalında qeydə alındığı bildirilirdi. 2025-ci ilin bütöv ili üzrə İsrail CBS məlumatları əsasında aparılan hesablamalarda isə Türkiyə mənşəli idxal üçün təxminən 924,1 milyon dollar göstəricisi təqdim olunur. Bu da o deməkdir ki, Türkiyə İsrailə 924 milyon dollarlıq ixrac həyata keçirib. 

Fələstin üzərindən gedən ticarət də mübahisə yaradıb

Türkiyə rəsmiləri İsraillə ticarətin dayandırılmasından sonra Fələstin ərazilərinə ixracın davam etdiyini və bu malların Fələstin Milli İqtisadiyyat Nazirliyinin razılığı ilə göndərildiyini bildirirlər. Türkiyə tərəfinin açıqlamasına görə, bunun İsrailə ixrac kimi təqdim olunması yanlışdır.

Lakin "Reuters"in 2024-cü ilin oktyabrında yayımladığı məlumat diqqətçəkən başqa bir detalı ortaya çıxarıb: Türkiyənin Fələstin ərazilərinə ixracı qadağadan sonra son dərəcə sürətlə artmışdı. İlk doqquz ayda bu göstərici 571,2 milyon dollara çatmış, artım 526 faiz təşkil etmişdi. Türkiyədə də bəzi siyasətçilər malların Fələstin sənədləri vasitəsilə İsrail bazarına daxil olub-olmadığı barədə parlament səviyyəsində suallar qaldırmışdılar. 

Yəni ortada iki mövqe var: Ankara birbaşa İsrail ticarətinin sıfır olduğunu deyir, İsrail və beynəlxalq statistika isə Türkiyə mənşəli malların İsrail bazarına daxil olmasının tam dayanmadığını göstərir.

Bu faktın özü Azərbaycanla bağlı səsləndirilən ittihamlara münasibətdə ən azı bir sual yaradır: iqtisadi münasibətlər bu qədər mürəkkəb olduğu halda niyə Azərbaycanın İsraillə əlaqələri sadələşdirilərək “Fələstinə xəyanət” formuluna salınır?

SOCAR hədəfə çevriləndə Türkiyənin öz rəsmi mövqeyi də unudulur

Fələstin məsələsi ilə bağlı Türkiyədə SOCAR-a qarşı etiraz aksiyaları da keçirilib. 2024-cü ildə şirkətin İstanbul və Bursa ofisləri qarşısında bir neçə aksiya təşkil olunub, SOCAR Türkiye isə yayılan “İsrailə birbaşa xam neft satışı” iddialarını rədd edib. 

Burada daha vacib məqam Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin mövqeyidir. Nazirlik 2024-cü ilin noyabrında Bakı–Tbilisi–Ceyhan kəməri ilə bağlı açıqlamasında BOTAŞ International-ın neftin alqı-satqısına müdaxiləsinin olmadığını, şirkətlərin nefti Ceyhandan dünya bazarına çıxardığını və Türkiyənin İsrailə qarşı tətbiq etdiyi ticarət qərarına uyğun olaraq təyinat nöqtəsi İsrail göstərilən yükləmənin həyata keçirilmədiyini açıqlayıb. 

Başqa sözlə, SOCAR əleyhinə kampaniyanı Türkiyə dövlətinin özünün rəsmi izahı belə tam təsdiqləmir.

Azərbaycan şirkətini təkcə enerji resursunun beynəlxalq bazara çıxarılmasında oynadığı rola görə siyasi hədəfə çevirmək, amma eyni zamanda Türkiyə mənşəli yüz milyonlarla dollarlıq məhsulun İsrail idxal statistikasında görünməsini nəzərə almamaq açıq şəkildə izah tələb edən ziddiyyətdir.

Netanyahu çıxış edərkən zalda qalmaq dəstək bəyanatı deyil

Son kampaniyanın başqa bir elementi BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalda olması ilə bağlıdır.

Netanyahunun 24 sentyabr 2026-cı il çıxışı zamanı onlarla nümayəndə etiraz əlaməti olaraq zalı tərk edib. 

Amma BMT qaydalarında nümayəndə heyətlərinin hansısa dövlət başçısının çıxışı zamanı zalı tərk etməsini tələb edən norma yoxdur. “Walkout” diplomatik protokol öhdəliyi deyil, siyasi etiraz jestidir. BMT Baş Assambleyasının prosedur qaydaları nümayəndə heyətlərinin iştirakını və çıxışların təşkilini müəyyənləşdirir, lakin hansısa lider danışarkən digər nümayəndələrin zalı tərk etməli olduğuna dair qayda nəzərdə tutmur. 

Diplomatik praktikada zaldan çıxmaq müəyyən mövqenin nümayişidir; zalda qalmaq isə avtomatik olaraq natiqin siyasətini dəstəkləmək demək deyil. Diplomatiyanı sosial şəbəkə şüarlarının məntiqi ilə qiymətləndirmək məhz burada yanlış nəticə yaradır.

Bəs Ermənistanla ticarət?

Azərbaycan ictimaiyyətinin eyni məntiqlə Türkiyəyə ünvanlaya biləcəyi başqa sual da var.

Türkiyə–Ermənistan quru sərhədi uzun illər bağlı olsa da, iki ölkə arasında iqtisadi əlaqələr heç vaxt tam dayanmayıb. Dünya Bankının araşdırmalarında hələ illər əvvəl qeyd olunurdu ki, sərhəd bağlı olduğu üçün Türkiyə ilə Ermənistan arasındakı mallar əsasən Gürcüstan üzərindən daşınırdı və yükün təyinat sənədləri tranzit zamanı dəyişdirilə bilirdi. 

Bu münasibətlər Azərbaycan torpaqlarının işğal altında olduğu illərdə də mövcud olub.

Məsələn, UN Comtrade bazasında görünən məlumatlara görə Ermənistanın Türkiyədən idxalı 2014-cü ildə təxminən 231 milyon dollar, 2015-ci ildə 137 milyon, 2016-cı ildə 169 milyon, 2017-ci ildə 222 milyon, 2018-ci ildə isə 251 milyon dollar səviyyəsində olub. Yəni Ermənistanla Türkiyə arasındakı iqtisadi əlaqə 2020-ci ildən və ya son normallaşma prosesindən sonra yaranmayıb. 

2024-cü ildə isə Ermənistan Statistika Komitəsinin məlumatlarına görə ölkə Türkiyədən təxminən 336 milyon dollarlıq məhsul idxal edib. Türkiyəyə Ermənistan ixracı isə yarım milyon dollara belə çatmayıb. 

UN Comtrade məlumatları 2025-ci ildə Ermənistanın Türkiyədən idxalının daha da artaraq təxminən 366,8 milyon dollara çatdığını göstərir. 

Burada söhbət bir neçə simvolik məhsuldan deyil. Türkiyədən Ermənistana yanacaq, maşın və avadanlıq, plastik, alüminium, tekstil, geyim, mebel və başqa məhsul qrupları göndərilib. 

Ancaq Azərbaycan həmin ticarətdən istifadə edib “Türkiyə Ermənistanla işləyirsə, deməli Azərbaycana xəyanət edir” yanaşmasını dövlət siyasətinə çevirməyib.

Əksinə, Azərbaycan–Türkiyə münasibətləri strateji və tarixi çərçivədə qiymətləndirilib.

Məhz buna görə eyni yanaşmanın Azərbaycana da tətbiq edilməsi məntiqli olardı.

Dostluq diktə etmək hüququ vermir

Türkiyə və Azərbaycan arasındakı münasibətlərin gücü ondadır ki, iki ölkə eyni maraqlara malik olduqları çoxsaylı məsələlərdə bir-birini dəstəkləyir, fərqli maraqlarının olduğu sahələrdə isə müstəqil dövlət kimi qərar verirlər.

Şuşa Bəyannaməsinin özündə “tərəflər milli maraqlarını qorumaq və təmin etmək məqsədilə müstəqil xarici siyasət həyata keçirirlər” müddəası təsadüfən yazılmayıb. 

Azərbaycanın İsraillə diplomatik münasibətlər saxlaması Türkiyəyə qarşı siyasət olmadığı kimi, Türkiyənin Ermənistanla yüz milyonlarla dollarlıq ticarət aparması da Azərbaycana qarşı addım hesab edilə bilməz.

Problem dövlətlərin iqtisadi və diplomatik əlaqələrində deyil. Problem həmin münasibətlərə iki fərqli ölçü vahidi ilə yanaşılmasında yaranır.

Türkiyənin İsrail və Ermənistanla münasibətlərinə “dövlət maraqları”, “ticarətin xüsusiyyətləri”, “tranzit”, “mənşə ölkəsi”, “Fələstin üçün ixrac” kimi izahlar tapılırsa, Azərbaycanın münasibətlərini yalnız “xəyanət” və “satqınlıq” sözləri ilə izah etmək obyektiv təhlil sayıla bilməz.

Azərbaycanla Türkiyə arasındakı münasibətlər sosial şəbəkə kampaniyalarından daha qədim, daha dərin və daha stratejidir. Dostluğun və müttəfiqliyin qorunmasının yolu isə bir-birinin suveren qərarlarına hökm verməkdən deyil, eyni faktlara eyni meyarla yanaşmaqdan keçir.(Lent.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 118

Oxşar yazılar