Hollivudun gənc yaşlarından tanınan simalarından biri olan Heyden Panettyerin ölümü onun yaradıcılığını yenidən gündəmə gətirib. Uşaq yaşlarından kamera qarşısına keçən aktrisa karyerası ərzində komediya, dram və qorxu janrlarında müxtəlif obrazlar yaradıb.
Lent.az xarici mediaya istinadla 36 yaşında vəfat edən Heyden Panettyerin ən məşhur ekran işlərini təqdim edir.
“Titanları xatırla” (2000)
Heyden Panettyerin ilk diqqətçəkən kino işlərindən biri 2000-ci ildə ekranlara çıxan “Titanları xatırla” olub. Filmdə baş rolu Denzel Vaşinqton canlandırıb. Panettyer isə məşqçi Bill Yoastın qızı Şeril Yoast obrazını oynayıb.
Hadisələr Virciniyada məktəblərin irqi inteqrasiyası dövründə cərəyan edir. Müxtəlif irqlərdən olan şagirdlərin yer aldığı məktəb futbol komandası bir-birini qəbul etməyə və vahid komanda olmağa çalışır. Filmin çəkilişləri zamanı Heyden Panettyerin cəmi 10 yaşı olub.
"Buz şahzadəsi" (2005)
Aktrisa 2005-ci ildə ekranlara çıxan “Buz şahzadəsi” filmində gənc fiqurlu konkisürən Cen Harvud rolunu canlandırıb. Filmin əsas qəhrəmanı Keysi Karlayl fiqurlu konkisürməyə maraq göstərir və peşəkar idmançı olmaq qərarına gəlir. Baş rolu Mişel Traxtenberq oynayıb, Heyden Panettyer isə filmin əsas ikinci plan obrazlarından biri kimi tamaşaçı qarşısına çıxıb.
“Mən səni sevirəm, Bet Kuper” (2009)
Heyden Panettyerin baş rolda çəkildiyi ekran işlərindən biri də “Mən səni sevirəm, Bet Kuper” komediyasıdır. Filmdə məktəb məzunu Denis Kuverman buraxılış mərasimində hamının qarşısında Bet Kuperə sevgisini etiraf edir. Gözlənilmədən Bet həmin gecə onun evinə gəlir və bundan sonra qəhrəmanları macəralarla dolu hadisələr gözləyir. Panettyer filmdə Bet Kuper obrazını canlandırıb.
“Qışqırıq 4” (2011)
Heyden Panettyerin kino karyerasında ən yaddaqalan obrazlardan biri “Qışqırıq 4” filmindəki Kirbi Rid olub. Filmdə Sidni Preskott yenidən Vudsboroya qayıdır. Lakin şəhərdə "Kabus sifət" maskalı qatil yenidən peyda olur və silsilə hücumlar başlayır. Panettyerin canlandırdığı Kirbi Rid qorxu filmlərinə yaxşı bələd olan və hadisələrin mərkəzində qalan gənc qəhrəmanlardan biridir.
“Qışqırıq VI” (2023)
Heyden Panettyer 12 illik fasilədən sonra “Qışqırıq VI” filmində yenidən Kirbi Rid obrazına qayıdıb. Bu dəfə hadisələr Vudsboroda deyil, Nyu-Yorkda baş verir. Yeni "Kabus sifət" hücumları başladıqdan sonra qəhrəmanlar qatilin kimliyini müəyyənləşdirməyə çalışırlar. Kirbi Rid isə artıq FTB agenti kimi istintaqa qoşulur.
Heyden Panettyerin filmoqrafiyası yalnız bu ekran işləri ilə məhdudlaşmır. Aktrisa “Şanxay öpüşü”, “Dinozavr”, “Yarış zolaqları”, “Şüşədə məktub”, “Qəyyumluq” və digər filmlərdə də rol alıb.