Sürücülərin DİQQƏTİNƏ : maşınınız bu halda cərimə meydançasına aparılacaq – DYP-dən AÇIQLAMA
10 oktyabr 2022 15:18 (UTC +04:00)

Sürücülərin DİQQƏTİNƏ: maşınınız bu halda cərimə meydançasına aparılacaq – DYP-dən AÇIQLAMA

Son dönəmlər sosial şəbəkələrdə bəzi vətəndaşlar şəxsi nəqliyyat vasitələrinin qanunsuz şəkildə cərimə meydançasına aparıldığı ilə bağlı paylaşımlar edirlər.

Məsələ ilə bağlı Lent.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bəzi vətəndaşların çox hallarda hadisələrə obyektiv yanaşmadığını deyib:

“Avtomobillərin duracağa yerləşdirilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsində öz əksini tapıb.  Hər hansısa vətəndaş hesab edə bilər ki, onun avtomobilinin cərimə meydançasına aparılması qanunsuzdur. Amma həmin vətəndaşlar bunu da bilməlidirlər ki, onların avtomobillərinin ödənməmiş hansısa cəriməsi, nəqliyyat vasitəsinin hansısa konstruksiyalarındakı dəyişikliklərin edilməsi, sürücülük hüququnun olmaması kimi faktorlar da nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmasına səbəb ola bilər.”

Araz Əsgərli qeyd edib ki, vətəndaşlar bəzən subyektiv fikirləri ilə hadisələrə yanaşırlar.

“Həmin şəxslər qanunun tələbi nədirsə, onu da yerinə yetirməyin lazım olduğunu xatırlamalıdırlar. Heç kəs hər hansısa vətəndaşın avtomobilini qanunsuz şəkildə cərimə meydançasına apara bilməz.”

Qanunsuz fəaliyyəti aşkar edilən əməkdaşlar barədə lazımi tədbirlərin hər zaman görüldüyünü deyən Araz Əsgərli Daxili İşlər Nazirliyinin belə məsələlərdə həssas olduğunu qeyd edib.

“Qanunsuz fəaliyyəti aşkarlanan hər bir əməkdaş barədə hər zaman, birmənalı şəkildə tədbirlər görülür. Əməkdaşın xidməti fəaliyyəti zamanı hərəkətlərində hansısa qanunsuzluq varsa, Daxili İşlər Nazirliyi məsələ barədə araşdırma aparıb, lazımi prosedurları yerinə yetirir. Daxili İşlər Nazirliyi hər zaman bu hadisələrə son dərəcə həssas yanaşır və qanunun tələblərinə əsasən lazımi tədbirlər görür.” – deyə o, bildirib.

DYP əməkdaşı cərimə meydançasına aparılan nəqliyyat vasitəsinin zədə alması halında məsuliyyəti kimin daşıdığını da deyib:

“Əgər, cərimə meydançasına aparılan nəqliyyat vasitəsi evakuatorla aparılan zaman yolda zədələnibsə, burada məsuliyyət daşıyıcı şirkətin üzərindədir. Eyni hal həmin avtomobilin mənzil başına çatması və düşürülməsi zamanı da yaşanan zədələnmə hadisəsinə aiddir. Nəqliyyat vasitəsini cərimə meydançasına onun sahibi apararsa, bu zaman avtomobilin zədə alması ilə bağlı məsuliyyəti elə həmin şəxsin özü daşıyır. Cərimə meydançasına aparılan avtomobili polis əməkdaşı apararsa və həmin avtomobil bu zaman xəsarət alarsa, məsuliyyəti həmin polis əməkdaşı daşıyır. Eyni zamanda cərimə meydançasına aparılan avtomobil orada zədə alarsa, məsuliyyət meydançadakı əməkdaşların üzərindədir.”

Lətif İsmayılov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5742
avatar

Oxşar yazılar