Sosial şəbəkələrdə tarixi pulları satanları hansı cəza gözləyir?
20 oktyabr 2022 17:10 (UTC +04:00)

Sosial şəbəkələrdə tarixi pulları satanları hansı cəza gözləyir?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu tarixi tapıntılar olan metal pullar və sikkələrin satılması ilə bağlıdır.

Sosial şəbəkələrdə olan bəzi səhifələrdə qədim zamanlarda dövriyyədə olan metal pulların və ya sikkələrin hərracı həyata keçirilir. Hansı ki, həmin pulların əksəriyyəti arxeoloji qazıntılar nəticəsində tapılıb. Onlar arasında Bizans, Roma, Osmanlı imperiyaları, Azərbaycan Eldənizlər, Səfəvilər və s. dövlətlərin dövrünə aid pullar da var.

Bəs görək, qanunvericiliyə əsasən, tarixi tapıntı olan bu pulları alıb-satmaq olar?

Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev cavab verib. O bildirib ki, həmin əşyaları satmaq qadağandır və bununla bağlı müəyyən müddəalar nəzərdə tutulub:

Memarlıq, incəsənət və ya tarixi, dini və ya dünyəvi abidələr, arxeoloji qazıntı yerləri, tarixi və ya bədii əhəmiyyət kəsb edən memarlıq ansamblları, incəsənət əsərləri, bədii, tarixi və ya arxeoloji əhəmiyyəti olan əlyazmalar, kitablar və digər əşyalar, həmçinin elmi kolleksiyalar və ya kitab və arxiv materiallarının, yaxud yuxarıda göstərilən sərvətlərin reproduksiyalarının mühüm kolleksiyaları xalqın mədəni irsi üçün böyük əhəmiyyəti olan daşınar və ya daşınmaz sərvətlər sayılır.

İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) qadağandır. Buna məhəl qoyulmadıqda inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Həmçinin bu barədə Cinayət Məcəlləsinin 183.1-ci maddəsində də əks olunub. Maddəyə əsasən, xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talamaya görə şəxs əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bütün bunlardan başqa nəzərə almaq lazımdır ki, hərrac keçirilməsi, hərrac haqqında qanuna, elektron ticarət haqqında qanunun tələbinə uyğun olmalıdır. Dövlət siyahısına alınan tarixi, mədəni əşyaların (o cümlədən, qəpik, sikkə, pul və s aid etmək olar.) alınıb-satılması qadağandır. “Mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar” dedikdə, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər başa düşülür.

Ümumən elektron qaydada satış keçirən şəxsin VÖEN-i olmalıdır. Ödəniş həmin bank hesabına edilməlidir. Bu şəxslərin fərdi bank kartına edilə bilməz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3150
avatar

Oxşar yazılar