Azərbaycan Mətbuat Şurasında görkəmli mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun xatirəsi yad edilib.
Şuradan Lent.az-a verilən xəbərə görə, tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, Şirməmməd Hüseynov 95 illik ömründə nəinki Azərbaycan jurnalistikası qarşısında, bütövlükdə ictimai fikir tarixində müstəsna xidmətlər göstərib: “Ş. Hüseynov uzun və mənalı həyatında elmi xəzinə yaradıb. Bu xəzinə özlüyündə gələcəyin tədqiqatçıları və alimləri üçün son dərəcə müstəsna əhəmiyyət daşıyan mənbədir. Mən ona hər zaman Ali Ruh deyə müraciət edirdim. O, həqiqətən də ali şəxsiyyət idi. Həm özünə, həm də ətrafdakılara münasibət baxımından son dərəcə həssas xarakter daşıyıcısı idi. O, yalnız alim deyildi, eyni zamanda ideoloq idi, məfkurə qaynağıydı. Şirməmməd müəllimin Azərbaycan jurnalistikası, bütövlükdə elmi qarşısındakı xidmətləri öyrənilməli və cəmiyyətə çatdırılmalıdır. Bu, bütövlükdə XX əsr tariximizə dəyər olar”.
“Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, əməkdar jurnalist Tofiq Yusif, MŞ İdarə Heyətinin üzvü, “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrət, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev Ş. Hüseynovla bağlı xatirələrini danışıblar. Onlar ustad jurnalisti ləyaqət mücəssiməsi, ayrıca jurnalistika məktəbi kimi dəyərləndiriblər.