Saray qəsəbəsi, 2 saylı məktəbin 7ç sinfinin müəllimi səs yazısı yayılıb. O, səs yazısında bu günlərdə qeyd edilən müəllimlər günündə onu təbrik etməyən şagirdlərə və valideynlərə üsyan edir.
Məsələ ilə bağlı Abşeron rayonu Regional Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinə A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli məktəbin ingilis dili müəllimi Şahgəldiyeva Gülnarə tərəfindən valideynlər qrupuna səs mesajı göndərərək “Müəllimlər günü” münasibəti ilə pul tələb etməsi barədə məlumat daxil olub.
Məsələ ilə bağlı araşdırma aparılıb, müəllimin izahatı alınıb.
Araşdırmanın yekun nəticəsi olaraq bildiririk ki, A. Müzəffərov adına Saray 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi vəzifəsində çalışan Şahgəldiyeva Gülnarə Səməd qızı müəllimlərin etik davranış qaydalarını ciddi şəkildə pozmuş, valideynlərlə işgüzar münasibətlərə aid olmayan və müəllimə yaraşmayan ünsiyyət yaratmışdır. Müəllimlərin etik davranış qaydalarını və AR Əmək Məcəlləsinin 186.2 maddəsini nəzərə alaraq, məktəbin müəllimi Şahgəldiyeva Gülnarə Səməd qızına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.