Qazi Rafiq Rəhimov
13 yanvar 2021 14:00 (UTC +04:00)

Qazi Rafiq Rəhimov

“Sanki Allahın əlindən tutub, torpağın altından çıxdım” – Suqovuşan qəhrəmanı Lent.az-a danışır

 “Torpağın altında qalmışdıq. Döyüş davam etdiyinə görə yoldaşlarımız bizə kömək edə bilmədilər. O an sanki Allahın əlindən tutub çıxdım...”

Baş leytenant danışır bunu Lent.az-a. Vətən müharibəsi zamanı Tərtər-Ağdərə istiqamətində “Tülkü dərəsi” adlanan yerdə döyüşüb Rafiq Rəhimov. Qəhrəmanım reaktiv batareyada ikinci tağım komandiri olub. Döyüşlərdə göstərdiyi  qəhrəmanlığa görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif edilib. 

Ailəlidir, 11 və 7-ci siniflərdə oxuyan iki qız övladı var. Uzun illər nəqliyyat sektorunda baş mütəxəssis və rəis müavini vəzifələrində çalışıb. Daha sonra özəl işlə məşğul olub. Sentyabrın 21-də  səfərbərliklə zabit kimi təlimlərə çağırılır. Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə 5 gün təlim keçdikdən sonra döyüşlərə qoşulur komandir. 

Unutmadan deyim ki, qəhrəmanımız 1977-ci ildə Sabirabad rayonunun Suqovuşan kəndində dünyaya gəlib. Müharibə zamanı komandirin həyatında Suqovuşanın bir ayrı gözəl anı olub. Bu haqda bir azdan...

İlk olaraq 44 günlük Vətən müharibəsinin ən ağır gününü xatırlayır komandir. Həmin gün ən yaxın dostu şəhid olur, özü ağır yaralanır...

- Qızğın artilleriya döyüşü gedirdi. Verilən tapşırığı yerinə yetirib, səngərdəki sığınacağa keçdik. Axşamüstü idi. Həmin an sadəcə bir səs eşitdik. Sığınacaqda isə üç nəfər idik: mən, rəhmətlik Xəyal və tuşlayıcı əsgərimiz . Top mərmisi düz sığınacağın üstünə düşdü.

Sonra...(Dərindən nəfəs alır) Sonra özümdə olmamışam. Gün yarımdan sonra gözlərimi Bərdə xəstəxanasında açdım. Tuşlayıcı əsgər Qalib xilas elədi məni. O, torpağın altından çıxaraq mənə yol açdı. Haradasa 2 metr dərinlikdə idim. Batareyamızdan məni görənlər ordan sağ çıxacağıma inanmayıblar. İndidə zəng vurub halımı soruşanda, sağ qalmağımı möcüzə adlandırırlar. 

Tuşlayıcı əsgər də başından yüngül qəlpə yarası aldı. Mən sağ dizimdən aşağı qəlpə yarası aldım və sol tərəfim hemiparez (insult kimi) oldu. Hazırda həmin vəziyyətdəyəm. Sol ayağımı hiss etmirəm. Amma həkimlərin dediklərinə görə, səbirli olmalıyam. Müəyyən zaman ərzində səhhətimdə hər şey yaxşı olacaq. Yeriməyimin nə cür olacağını deyə bilmirlər. Sağ beynimin damarları quruyub. Ayağıma siqnal vermir. Nitqimdə qüsur yarandı, bir az danışandan sonra...

Baş leytenantdan Xəyalla bağlı xatirələrini danışmağı xahiş edirəm. Anlayıram, bu onun üçün çox çətindir. Ona görə söhbətimizə fasilə verməyi təklif edirəm. Bir azdan müsahibəyə qaldığımız yerdən davam edirik.

- Biz Xəyalla orada qardaş olmuşduq. Hamı bir-biri ilə foto çəkdirə bildi. O qədər qızğın döyüşlərə düşdük ki, şəkilimiz  belə yoxdu. Nə etməli... onunla olan  hər gün yadımdadı, onsuz...(Susur) 

Xəyal rəhmətliyi döyüşə başladığımız gün tanıdım. Mənə döyüş vaxtı qoruyucu jilet çatmadı. O zaman dedi ki, “sənin ailən var, mən subayam. Al sən geyin, mən 1-2 saat gözləyərəm”. Onun bu hərəkətini heç vaxt unutmayacam. Zarafatla. Mənə “dayı” deyirdi. Hər dəfə yadıma düşəndə, kövrəlib ağlayıram. 

Dediyinə görə, nişanlı idi. Göyçayda ev də tikdiribmiş.  Deyirdi ki, döyüşlər bitəndən sonra pandemiya olsa belə ailə quracam: “Xoş günümdə 10 nəfər dostum mənə bəsdi. Evimdə onlarla əyləşib, toyumu edəcəm. Dayı, 10 nəfərdən biri də sən olacaqsan.”  Həmin gün qanı qara idi. Elə bil ürəyinə danmışdı ki, nəsə olacaq. Dedi dayı, bezmişəm müharibələrdən. O, aprel döyüşlərində də iştirak etmişdi. Namərd düşmənin  top mərmisi bütün arzularını bir anda məhv etdi... Onun kimi oğulu tanıdığım üçün özümü çox xoşbəxt sayıram. Amma qoruya bilmədiyim üçün çox kədərliyəm. Ən çətin günlərimiz döyüşlərdən sonra etdiyimiz yerdəyişmə idi. Raketləri yük maşınının arxasına yerləşdirib, məkanı dəyişirdik. Həmin o vaxt mərmi dolu maşının içində olurduq. Təsəvvür edin ki, yanımıza mərmi düşsə , o an maşındakı bütün əsgərlər şəhid ola bilərdi. Amma döyüşün verdiyi qürur və qisas hissi həmin an bunları düşünməyə imkan vermirdi. 

Ən ağır döyüşlərin ermənilərin “beton sədd” deyilən səddi yarılana qədər olduğunu deyir, qəhrəmanım.

- Suqovuşan alındığı gün çox sevindim. Ali Baş Komandan tərəfindən Madagizin (o zamankı adı) tarixi adı bərpa olunanda bir ayrı xoşbəxt oldum. Çünki Sabirabad rayonunda doğulub boya-başa çatdığım kəndin adı da Suqovuşandı. Sanki elə bildim ki, mənə görə bu adı qoydular.  

Səhhəti, müalicəsi ilə maraqlandıqda yaşadığı ünvanda adına kitabça açıldığını, hər ay dərmanlarını oradan götürəcəyini qeyd edir. Hazırda isə rahat yata bilməsi üçün həkimlər əlavə dərmanlar yazıblar. 

Şərəfli döyüş yolu keçən qəhrəmanımızı təkcə müharibənin “bağışladığı” zədələr, travmalar sıxmır. Onu həm də sosial qayğıları narahat edir. 

- Bu zamana qədər öz ayaqlarım üzərində durmuşam. Amma indi görürəm ki, bu vəziyyətdə bir az çətindi. Çünki artıq iki yox, bir ayaq üstəyəm...

4 il bundan öncə 18 illik ipoteka ilə Günəşlidə yerləşən D massivində ilkin ödəniş edib, iki otaqlı ev götürdüm. Şirkət aylıq 29 manat kommunal borcdan  məni azad edib. 4 il hər ay 727 manat ödəmişəm. Müharibə vaxtı bankdan döyüşdə olduğumu təsdiq edən sənəd istəyiblər. Qardaşım Hərbi Komissarlıqdan arayışı təqdim edib. Düzdü, hazırda bankdan ipoteka borcu ilə bağlı zəng yoxdu. Borc olaraq məsuliyyəti üzərimdə hiss edirəm və bu da məni sıxır. Ailəmə maddi yardımı atam və qardaşım edir. Yoldaşım evdar qadındı. Qızlarım orta məktəbdə oxuyurlar. Ən böyük istəyim evimdən rahat olmağımdır. Çünki iki qızımı mən oxudub, xoşbəxt böyütməliyəm. Mən həyatla döyüşən adamam...

Yaxın zamanlarda Vətən müharibəsində iştirak edən, şəhid olan döyüşçülərə yardım məqsədi ilə bir neçə fond yaradıldı. Bu fondlardan hansınasa müraciəti ilə maraqlandıq.

- İlk olaraq şəhid ailələri ilə maraqlanırlar. Zəng edib vaxtlarını almaq istəmirəm. Onlar, şəhid ailələri, bizdən vacibdir. İnşallah, növbə bizə də çatar.

Aldığı zədələrə, travmalara baxmayaraq, qəhrəmanımız sabaha ümidlidi. Pandemiya bitdikdən sonra reabilitasiyaya mərkəzlərinin birində sağlamlığını yenidən bərpa etməyə çalışacaq.

Söhbətə isə elə komandir son qoyur: “Bütöv Azərbaycanımızın insanları var olsun. Hər şey çoz gözəl olacaq. Çünki Qarabağ Azərbaycanındı, Azərbaycandı”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13782
avatar

Nigar Adil

Oxşar yazılar