Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası tövsiyə verib.
QMİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tövsiyədə deyilir:
"Möhtərəm mömin qardaş və bacılarımız! Son zamanlar dindarlarımız tərəfindən edilən müraciətləri nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası aşağıdakıları bildirməyi vacib sayır:
İslam dini insanın öz sağlamlığı qayğısına qalmasını imanın bir parçası kimi qəbul edir. Müsəlman aləmində təbabətin “tibbi-nəbəvi” (Peyğəmbər tibbi) adlanan xüsusi bir bölməsi mövcuddur ki, orada Peyğəmbərimizin tibbi baxışları, Sünnədə tibbin məqamı və əhəmiyyəti geniş şəkildə işıqlandırılır. Həzrət Muhəmməd (s) səhiyyə sahəsi ilə yaxından maraqlanıb, onun bu mövzu ilə əlaqəli hədisləri insanlar üçün yol göstəricisi olub. Eyni zamanda Allahın qüdrət və əzəmətini, əbədi və əzəli hikmətini insanlara çatdıran Qurani-Kərimdə bir sıra tibbə dair məlumatlar əks olunur. Bir sıra alımlərin və müasir islamşünasların rəyinə görə, Qurani-Kərimin sağlamlıq barəsində əsas prinsipi müalicə ilə yanaşı, insanı mühafizə etmək, onun sağlamlığını qorumaq – hifzü-sihhədir. Hifzü-sihhəyə bir sıra gigiyenik təlimatlar, o cümlədən, normal qidalanma, zərərli ərzaqlardan və yoluxucu xəstəliklərdən qorunma məsləhətləri də daxildir. İnsanın sağlamlığına qarşı bu qədər həssas və ciddi olan bir dini sistem kimi, İslam tibbi məsələlərin həm əxlaqi, həm də hüquqi baxımdan düzgün uzlaşdırılmasını daima diqqətdə saxlayıb.
QMİ Qazılar Şurası bildirir ki, Uca Allahın buyurduqlarına, müqəddəs hədislərə istinadən özünün, yaxınlarının və ətrafındakıların həyat və sağlamlığını təhlükəyə atmamaq hər bir insanın borcudur. Zamanında vəba epidemiyası haqqında Peyğəmbərimiz Hz.Məhəmməd belə buyurub: “Vəbanın olduğu yerə getməyin, əgər vəbanın olduğu yerdəsinizsə, oradan çıxmayın”. İmanlı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasından məsul və mükəlləfdir. Dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır. Hər bir insan belə bir təhlükədən özünü gözləməlidir, çünki müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi:
“Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə, 195). Bu ilahi hökmü və müasir şəriət alimlərinin müvafiq fətvalarını nəzərə alaraq, dindarlarımıza tövsiyə edirik ki, pandemiya ilə mübarizədə ən təsirli vasitə sayılan peyvəndlərin vurulmasında aktiv mövqe tutsunlar, özlərini və yaxınlarını vaksin vasitəsi ilə bu ağır bəladan mühafizə etsinlər. Nəzərinizə çatdırırıq ki, dünyanın aparıcı dini mərkəzləri vaksinin istifadəsini məqbul hesab edir və zəmanənin bəlasına çevrilmiş xəstəliklə mübarizədə təsirli vasitə kimi tövsiyə edirlər. Qafqaz Müsəlmanları İdarəsi dövlətimizin pandemiyaya qarşı qəbul etdiyi qərar və göstərişləri dəstəkləyir, cəmiyyətimizi bu vacib məsələyə ciddi və diqqətli yanaşmağa dəvət edir. Allah hamımızın yardımçısı olsun, dövlətimizi və xalqımızı bəlalardan hifz etsin!"