Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual polis əməkdaşlarının mənzilə icazəsiz daxil olması ilə bağlıdır.
Polis nə zaman evə icazəsiz daxil ola bilər?
Lent.az xəbər verir ki, “Polis haqqında” Qanunun 24-cü maddəsinə əsasən polis əməkdaşı tərəfindən mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılmasına və yaşayış yerinə (orada yaşayanların iradəsinə zidd olaraq) daxil olunmasına yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada yol verilir.
Belə hallardan biri məhkəmə qərarının olmasıdır. Məhkəmənin qərarı olmadan isə polis əməkdaşının yaşayış yerinə daxil olması yalnız ictimai təhlükəsizliyin və ictimai qaydanın təminedilməsi, digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların qarşısının alınması və ya onların nəticələrinin aradan qaldırılması məqsədilə təxirəsalınmaz tədbirlərin keçirilməsi zərurəti yarandıqda mümkündür.
Eyni zamanda polis əməkdaşı hakimin qərarı olmadan yalnız dəqiq məlumatlar əsasında yaşayış yerinə daxil ola bilər. Bu məlumatlar şəxsiyyətə və ya dövlət hakimiyyətinə qarşı cinayətin törədilməsinə və ya hazırlanmasına dəlalət edən əşya və ya sənədlərin həmin ünvanda gizlədilməsi, bu cür cinayətləri törədən, törətmiş və ya hazırlayan şəxsin, habelə azadlıqdan məhrum etmə və ya həbs yerlərindən qaçmış şəxsin yaşayış yerində gizlənməsi, yaşayış yerində insan meyitinin və ya meyit hissələrinin olması, insanın həyat və ya səhhəti üçün real təhlükənin mövcudluğu, eləcə də cinayət törətmiş şəxsin "isti izlərlə" təqib edilməsi ilə bağlı ola bilər.
Məhkəmənin qərarı, yaxud qanunda göstərilən bu hallar və əsaslar olmadan mənzil toxunulmazlığı hüququnun məqsədəuyğunluq, müvəqqəti zərurət və ya digər mülahizələrlə məhdudlaşdırılması qadağandır.
Bu müddəalar fiziki və hüquqi şəxslərə məxsus qey-ri-yaşayış binalarına, tikililərə, torpaq sahələrinə və qanunvericiliklə müəyyən edilmiş digər obyektlərə daxilolma hallarına da şamil edilir. Mənzil toxunulmazlığı hüququnun qanunsuz məhdudlaşdırılmasına yol vermiş polis əməkdaşı qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyır.