Peşə məktəblərindəki boşluqlar:  Bəlli olmayan ünvan, qaranlıq ixtisas seçimi və...
30 iyul 2025 16:43 (UTC +04:00)

Peşə məktəblərindəki boşluqlar: Bəlli olmayan ünvan, qaranlıq ixtisas seçimi və...

Peşə təhsilinə qəbulla bağlı Lent.az-ın sorğusuna Peşə Təhsili üzrə Dövlət Agentliyindən cavab olaraq bildirildi ki, peşə təhsil müəssisələri ilə əlaqə saxlanılaraq ünvan və əlaqə məlumatlarına lazımi yenilənmələr edilib, problem və çətinliklər aradan qaldırılıb. Həmçinin, yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul DİM buraxılış imtahanı nəticəsinə əsasən aparılır. Bir neçə imtahan nəticəsi varsa ən sonuncu əsas götürülür. Qəbul başlanıldığı ilk günlərdə bəzi şəxslərdə cari ilin nəticəsi görünmürdü, lakin bu problem DİM-lə danışılaraq, sistemdə yenilənib və aradan qaldırılıb. 

Eyni zamanda peşə təhsili müəsisələrinə qəbul ilk və texniki peşədə attestat qiymətlərinin ortalamasına, yüksək texniki peşədə isə DİM buraxılış imtahanı nəticəsinə əsasən aparılır. Minimum keçib balı müəyyən olunmayıb, keçid balı müsabiqə əsasında formalaşır.Yəni, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiqlənən qəbul planında hər bir peşə təhsili müəssisəsində müvafiq ixtisaslar üzrə plan yerləri ayrılır və müraciətçilər müsabiqə şərtlərinə əsasən sistem tərəfindən şəxsin seçimlərinə əsasən avtomatik yerləşdirilir. Plan yeri üzrə müsabiqədən keçmiş şəxslər arasından ən aşağı balı toplamış şəxsin balı və ya ilk və texniki peşəyə münasibətdə attestat qiymətlərinin ortalaması keçid hesab olunur. Məsələn, x müəssisəsində y ixtisasına 20 plan yeri ayrılıbsa həmin yerə müraciətçilər ballarına(və ya attestat ortalamasına) görə sistem tərəfindən sıralanır və ən yüksək nəticəsi olan 20 nəfər müsabiqədən keçmiş hesab olunur.

***

16:43

Peşə məktəblərinə qəbulun bitməsinə günlər qalıb, lakin hələ də bu prosesdə boşluqlar var. Həmin boşluqlar isə seçim etmək istəyənlərə sözün həqiqi mənasında əngəl törədir. Maksimum 30 dəqiqə, 1 saata həll olunan iş az qala 2-3 gün vaxt aparır.

Bəs söhbət hansı problemlərdən gedir? İnsanlar nədən şikayətçidirlər?

Lent.az peşə məktəbinə qəbul olunmaq istəyən şəxslər müxtəlif şikayətlər ünvanlayıblar.

“2024-cü ilin məzunuyam. Həmin il buraxılış imtahanından 30 bal topladım. Bu il isə yenidən imtahana daxil olaraq nəticəmi 5 dəfə yüksəldib, 150-yə çatdırdım. Kibertəhlükəsizlik üzrə təhsil almaq istəyirəm, universitetə qəbul üçün nəticəm yetərli olmadığından həmin ixtisas üzrə ən yaxşısı peşə məktəbində oxumaqdır deyə düşündüm. Lakin bu il peşə məktəbinə qeydiyyatdan keçmək istəyəndə yalnız ötənilki nəticələrimlə ixtisas seçimi edə biləcəyimi gördüm. Bu məni çox məyus etdi”, - deyə şikayətlərin birində qeyd olunur.

Görünən odur ki, ilk çətinlik ötən ilin məzunları ilə bağlıdır. 2024-cü ildə buraxılış imtahanından 30 bal toplayan abituriyent bu il yenidən imtahan verərək daha yüksək nəticə göstərsə də, peşə məktəbinə qəbulda ona hazırkı balından istifadə etməyə icazə verilmir. Məzun yalnız attestatda göstərilən balla peşə ixtisasları seçməyə məcbur qalır. 

Başqa bir şikayətdə qeyd olunur: “Peşə məktəblərinə ixtisas seçimi edərkən ən vacib məqamlardan birinə, agentliyin saytında yer alan ünvanalara baxırıq. Amma təəssüf ki, baxıb heç nə görə bilmirik. Bəzən hüquqi ünvan yazılır, faktiki ünvan yazılmır. Gedəndə deyirlər ki, bura deyil. Bəzən ümumiyyətlə naviqatorla da tapmırıq. İstəyirik ki, zəng edək, yer barədə maraqlanaq, amma sayta ya nömrə qoyulmur, ya da o nömrələr “mövcud olmur”. Taksilər belə, tanımır. Məktəblərdən birinin ünvanı Yardımlı yazılıb, baxırsan ki, Bakıda imiş. Eləsi var ki, Bakı yazılıb, gedib Ələtə çıxırsan. Bu problemlər seçim etməyimizə mane olur. Bilmirik kimdən soruşaq, nə edək”.

Şikayətin nə dərəcədə əsaslı olub-olmadığını görmək üçün özümüz də daxil olub baxdıq.Və gördüyümüz mənzərə deyilənləri bir daha təsdiqlədi. Bəzi peşə məktəblərinə dair ümumiyyətlə məlumat yoxdur, bəzilərində qeyd olunan nömrələr deaktivdir, bəzisini tapmaq üçün isə cəzaçəkmə müəssisəsinə yollanmaq lazımdır.

Digər şikayətdə bildirilir ki, peşə məktəbinə qəbulda bu ilə qədər plan yeri barədə məlumat verilmirdi. Amma indi də keçid balı anlayışı yoxdur:

“Ötən il peşə məktəblərinə seçim edəndə heç bir plan yeri görünmürdü. Yəni 20-30-40 yer olduğunu bilmədən seçim edirdik. Təbii ki, maksimum 5 ixtisas yaza bildiyimiz üçün bilib-bilmədən seçim edəndə də, qəbul olmama ehtimalımız artırdı. Bu il o problem həll olunsa da, hələ də keçid balı anlayışı yoxdur. Biz bilmirik ki, filan ixtisasa qəbul üçün təxmini neçə balımız olmalıdır. Bunu bilməmək seçimləri daha da çətinləşdirir. Məcburən illərdir ixtisas seçimi ilə məşğul olan şəxslərə üz tuturuq. Bizim üçün problemdir bu hal”.

Bu şikayətlə bağlı da bir qədər araşdırma etdik. Həqiqətən də kollec və universitetdən fərqli olaraq peşə təhsil müəssisələrinə qəbulda keçid balı anlayışı yoxdur. Xüsusən yüksək texniki peşə təhsili universitetə qəbulda tramplin rolu oynadığı üçün oraya qəbul olmaq istəyənlərin sayı daha çoxdur, lakin keçid balı olmadığından ixtisas seçimində də çətinliklərlə qarşılaşmamaq mümkün deyil. Təsəvvür edin, 5 seçim edə bilərik, ancaq keçid ballarından xəbərimiz yoxdur. Bu, vəziyyəti bir növ şansa buraxmaqdan fərqsizdir.

Bütün bu şikayətlərlə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Sorğuya cavab verildikdə, xəbər yenilənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906

Oxşar yazılar