"Padval" nəşrləri, 500 minlik təzminat, bazarlarda satılan kitablar -  NAŞİRLƏR NƏDƏN NARAHATDIR?
19 noyabr 2021 20:15 (UTC +04:00)

"Padval" nəşrləri, 500 minlik təzminat, bazarlarda satılan kitablar - NAŞİRLƏR NƏDƏN NARAHATDIR?

““Martini İden”i biz nəşr etmişik. Tərcüməçi ilə müqavilə bağlamışıq, kitabı bizim üçün tərcümə etsin. Amma bir nəşriyyat var kitabı olduğu kimi götürüb nəşr edib”.

Bu sözləri Lent.az-a açıqlamasında “Qanun” Nəşriyyat evinin direktoru Şahbaz Xuduoğlu deyib.

O, bu sözləri heç də əbəs yerə söyləmir. Çünki az qala zirzəmi səviyyəsində olan kitab nəşrlərinin sayı artır. Bu cür kitablar çox ucuz başa gəlir. Belə kitabı nəşr edənlər bütün xərclərdən azaddırlar. Onların işi başqalarının əməyini oğurlayıb ortaya keyfiyyətsiz nəşrlər qoymaqdır. Bu isə həm müəllifin əməyinə həm də nəşriyyatın çəkdiyi xərcə şərik çıxmaq deməkdir. Üstəlik, onlar kitabı daha ucuz qiymətə verdikləri üçün leqal nəşr qalır kənarda, onların keyfiyyətsiz kitabları daha çox satılır.
   
Bəs, nəşriyyat rəhbərləri bu hallarla qarşılaşan zaman hansı tədbirləri görürlər?

Şahbaz Xuduoğlu:


“Başqa nəşriyyatlar tərəfindən bizim kitabların pirat variantı çap olunur. Biz çalışırıq ki, belə məsələləri nəşriyyatlar arasında özümüz həll edək. Amma bəzən bunu xəbərsiz edirlər. Məsələn “Martini İden”i biz nəşr etmişik. Tərcüməçi ilə müqavilə bağlamışıq, kitabı bizim üçün tərcümə etsin. Amma digər nəşriyyat da kitabı eyni cür nəşr edib.

Biz başa düşürük, Cek London klassik yazıçıdır və onun əsərləri bütün nəşriyyatlar tərəfindən nəşr oluna bilər. Amma tərcümə bizə aiddirsə, bu olmaz. Əgər həmin kitabı nəşr etmək istəyirlərsə, yenidən tərcümə etdirməlidirlər. Bir şeyi də qeyd edim ki, Azərbaycan bazarı çox kiçik olduğu üçün bu da çox effektli deyil. Əgər bizdə “Martini İden” varsa, oxucular onu bizdən alacaqlar. Yeni nəşriyyatdan yox.

Nəşr etdiyimiz kitabları başqa bir mətbəədə eynilə bizdə olan kimi çap edib, satırlar. Bu tip kitablar daha çox  28 may ətrafında, “Sədərək” bazarında satılır. Əvvəllər Təhsil Nazirliyinin kitablarını da oğurlayaraq, nəşr ediblər. Daha sonra onun qarşısı alındı. Bu qadağa bizə də təsir etdi. Pirat nəşrlərin sayı azaldı”.

Şahbaz bəy onu da deyir ki, hazırda daha çox elektron(PDF) kitabların oğurlanması ilə mübarizə aparırlar:

“İndi daha çox PDF kitabların oğurlanması artıb və biz onunla sözün əsl mənasında mübarizə aparırıq. Yəni, PDF kitablar oğurlanır və “Telegram”da pulsuz paylaşılır. Bu da kitab satışını aşağı salır.

Bu hal qanun pozuntusudur. Bu zaman biz ilk olaraq onlara xəbərdarlıq edirik. Görəndə ki, xəbərdarlığa məhəl qoymurlar, bu zaman artıq müvafiq orqanlara müraciət etməyə məcburuq.

Mən adətən Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa belə məsələlərlə bağlı bir neçə dəfə şikayətçi olmuşam. Hər zaman da müsbət nəticələr olub. Kitabı satan adamla gedib yerində dava etmək olmaz, bu heç düzgün də deyil. Ona görə də, bu cür məsələlərin yalnız hüquqi yolla həll olunmasının tərəfdarıyam. Gərəkdir ki, kitabçılar leqal nəşrləri götürsünlər, qeyri-leqal nəşrləri götürməsinlər. “Qanun” tanınmış nəşriyyatdır. Kitabçılar özü də belə şeylərə maraq göstərməməli, bu cür halları görəndə bizə xəbər etməlidirlər”.

Şahbaz Xuduoğlunun kitabçılara tövsiyəsi də var:

“Kitabçılara bir tövsiyəm var ki, bizim onlara verdiyimiz kitabları satsınlar. Kiminsə onlara gətirdiyi oğurluq kitabları yox. Ola bilər ki, oğurluq kitablardan daha çox gəlir əldə etsinlər. Amma biz həmin mağazaya gedib orada pirat nəşr gördükdə verdiyimiz bütün kitabları geri çəkirik. Bütün kitab mağazaları ilə şərtimiz budur ki, biz leqal kitab nəşr edirik, siz də leqal kitab satmalısınız. Mağazalar bu şərtə əməl etsələr, pirat nəşrlərin də sayı artmaz. Məsələn, bir nəşriyyat var, indiyə qədər Aqata Kristinin 3-4 kitabını nəşr edib. Həmin nəşriyyat yetərincə tanınır. Bəs, o bilmir ki, nəşr hüququ olmayan kitabı nəşr etmək olmaz?!

Əksər mətbəələr özlərini ağıllı, hər şeyi bilən kimi göstərirlər, amma oğurluq kitablar nəşr edirlər. Belə nəşriyyatçılar bəzən kitabları qısaldıb nəşr edirlər. Yazıçı lazım bilsəydi, onu o şəkildə yazardı da. “Səfillər” romanını 80 səhifəyə yerləşdirmək olar?! Bunu da insanlar alıb oxuyur və mən “Səfillər”i oxudum deyirlər. Mən onlara demək istəyirəm ki, siz roman yox, romanın şil-küt versiyasını oxumusunuz. Üstəlik, həmin kitabları Təhsil Nazirliyinə, Mədəniyyət Nazirliyinə öz kitabları kimi göndərirlər.

Bu zaman da mən məcbur qalıb Mədəniyyət Nazirliyinə müraciət edirəm ki, siz niyə leqal kitabları qoyub, illeqal kitabları alırsınız?!  Oxuculara demək istəyirəm ki, kitabı almamışdan əvvəl mütləq vərəqləsinlər. Diqqətli olsunlar”.

“Mücrü” Nəşriyyatının direktoru Müşfiq Xan isə oğurluq kitab nəşr edənləri dəllal adlandırıb:

 

“Dünyanın hər yerində, o cümlədən Azərbaycanda peşəkar nəşriyyatlar (bura işinə çox ciddi yanaşmaq da aiddir) pirat nüsxələrə qarşı ciddi mübarizə aparırlar. Əlbəttə, bu mübarizədə "Mücrü" nəşriyyatı da var və hər daim olacaq.

Pirat nüsxələrlə zaman-zaman rastlaşmışıq. Bu nüsxələri nəşriyyatlar deyil, bu işin qeyri-qanuni ticarəti ilə məşğul olan dəllallar dövriyyəyə buraxır. Biz yalnız hüquqi müstəvidə tədbirlər görürük”.

Naşirin sözlərinə görə, belə hallarla qarşılan zaman təyin olunan təzminatın miqdarı çox azdır:

“Qanunvericiliyin tələblərinə uyğun olaraq pirat nüsxələri aşkarladığımız kitab mağazalarını məhkəməyə veririk. Bəli, bu dəfələrlə baş verib. Müəlliflərin qonorarı, yaxud tərcümə qonorarı, nəşriyyatın xərcləri, çap xərcləri bunlar hamısı böyük xərc və zaman alır. Piratlar isə bunlardan "azaddır" və ən çox onlar qazanırlar, yaxud qazanmaq istəyirlər. Qanun çərçivəsində 500 min manata qədər təzminat nəzərdə tutulub. Təzminatlar aldığımız olub, amma kiçik məbləğlərdir. Nəşriyyata, müəllifə, Azərbaycan kitabçılığına dəyən zərəri qarşılamağa yetmir bu təzminatlar.

Oxuculara tövsiyəmiz budur ki, orijinal kitab aldıqlarına əmin olsunlar. Bu həm də müəllifin əməyini qiymətləndirməkdir”.

“Teas Press” nəşriyyat evinin nəşrlər üzrə meneceri Ülkər Hüseynova da deyir ki, belə hallar onların da başına gəlib:

“Biz də bir neçə dəfə nəşr etdiyimiz kitabın oğurlaması və daha keyfiyyətsiz formada nəşr edilməsi halları ilə qarşılaşmışıq. Bu zaman onlara ilkin olaraq xəbərdarlıq edirik. Buna əməl etmədikləri zaman isə gedib mağazadan həmin kitabları yığışdırırıq.  Bəzən isə belə “padval” nəşriyyatçılarını tapmaq olmur. Heç vaxt təzminat almamışıq, daha çox çalışmışıq ki, öz aramızda həll edək. “Teas Press” nəşriyyat evində tərcümə demək olar ki, orjinaldan olur. Bunu da oxuculara görüşlərimizdə, sosial platformadan tez-tez paylaşımlar etməklə çatdırırıq. Ən çox qarşılaşdığımız problem isə nəşr etdiyimiz kitabların PDF variantlarının icazəsiz yüklənməsidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5136
avatar

Aytəkin Cəlali

Oxşar yazılar