Bu gün Bakıda COP29 başladı. Aylardır hazırlaşdığımız o tədbir barədə xəbərləri Xəzərdən tapılmış bir saxta balina xəbəri az qala arxa plana salacaqdı. Biz bir himə bəndik axı. Sosial şəbəkələrdə şəbeh başladı nə başladı. Çoxları onu gerçək hesab edib müxtəlif şəkildə fikirlər yürütməyə başladı.
Dindar kəsimin nümayəndələri “Allah qonaqdan öncə ruzisini yetirər” deyirdilər, inanmırdım inandım” yazdı, özünü elm adamı hesab edən bir çoxbilmiş isə “Xəzər dənizinin cazibədar maqnit sahəsi var. Balinalar maqnit sahəsinə görə kütləvi axın edirlər. Yəqin qütblərin cüzi yerdəyişməsi nəticəsində balinalar hərəkət trayektoriyasını itirib gəlib Bakıya çıxıb” dedi.
Açıqlama verilməsəydi kim bilir daha nələr uyduracaqdıq.
Xəzər dənizi sahilində peyda olan bu balina maketdir. Hiperrealist balina installyasiyalarını Belçikanın "Captain Boomer Collective" qrupu yaradır. Onlar bununla diqqəti ekoloji problemlərə və insanın təbiətə təsirinə diqqət yönəltmək istəyirlər.
Bu maket Avropanın London, Paris, Madrid , Sürix, Bordo kimi böyük şəhərlərində nümayiş etdiriliblər. Qrupun əməkdaşları balinanın ətrafında alimlər kimi fırlanaraq, tədqiqat apardıqlarını imitasiya edirlər. Maket çox yüksək texnologiyada hazırlanıb, canlıdan fərqlənmir. Hərəkət edə bilir.
Qrupun nə mesaj vermək istədiyi məlumdur. Bizim almaq istədiyimiz mesaj balıq qızartması, közləmə, kabab oldu. Xəzərdə ən böyük canlı suitidir.
Mənə elə gəlirdi bunu hamı bilir. Amma görünür bilmirmiş. Azərbaycanda anadan olan demək olar ki, hamı məktəbə gedir. Pis-yaxşı məktəbi bitirib attestat da alır. O məktəblərin təbiət elmləri, zoologiya, coğrafiya, biologiya fənnində qeyd olunur ki, balinalar okeanların açıq və dərin sularında yaşayan dəniz məməliləridir.
Xəzər dənizi isə qapalı bir su hövzəsi olaraq balinaların ehtiyac duyduğu ekosistem xüsusiyyətlərinə malik deyil. Heç dərsi oxumadıq deyək, illərdir Xəzər sahilində yaşaya –yaşaya necə bundan xəbərsiz olmaq olar axı?
Bu hadisə, təhsilin vacibliyini və təbiət haqqında daha dərin və dəqiq biliklərə sahib olmağın nə qədər önəmli olduğunu da xatırlatdı, təbiəti qorumağın vacibliyinə dair unudulmaz bir mesaj da verdi. On illər sonra nəsə bir hadisəni xatırlatmaq istəyəndə insanlar “Bakıda balina tapılan il” deyib dəqiqləşdirmə aparacaqlar. On il sonra görəsən biz bu qədər avam inanc sahibi olduğumuzu da xatırlayacağıq?