Çox-çox əvvəl, lap dəqiqi 1563-cü ilin elə bu vədələrində ingilis səyyahı və diplomatı Antoni Cenkinson Abdulla xanın qonağı olanda bilirsinizmi nəyə heyrətlənmişdi? Əvvəlcə Abdulla xan onu “guoch guelde”, yəni “xoş gəldin” deyə qarşılamışdı.
Səhəri ingilis səyyahın şərəfinə verilən ziyafətdə o, yenə heyrətini gizlədə bilməmişdi və sonradan yazacaqdı da:
“Nahar vaxtı gəlib çatdıqda döşəməyə süfrələr salındı və müxtəlif yeməklər gətirildi. Yeməklər çeşidinə görə, sıra ilə düzülmüşdü. Mən saydım, artıq süfrəyə 150 növ yemək verilmişdi. Süfrə yığışdırıldıqdan sonra yenidən salındı. Bu dəfə 150 növ yemək gətirildi. Beləliklə, iki dəfəyə 300 yemək növü gəlmişdi süfrəyə”.
Hə, heyrətə gəlmişdi əcnəbi qonaq. Belə qonaqlamamı olar? Bu nə ziyafət? Bu nə mərasim? Hələ xanın üstü mirvari və bahalı daş-qaşla bəzənmiş geyimi. Qızılla işlənmiş, hind ipəyi dolanmış papağı. Həmin vaxt ingilis səyyahı bir də o türbə heyrətləndirmişdi. Türbənin içinə girib o qədim sənduqələri görəndə. Üstündəki yazıları da oxuya bilməmişdi. 7 il Suriyada, Hələbdə yaşasa belə. Beləcə elə həmin heyrətlə də uzaqlaşmışdı oradan.
Əslində, nəinki Cenkinsonu, ondan sonra buralara səfər edən o məşhur Dümanı, başqa əcnəbiləri heyrətə gətirəcək çox sirlər yatır bu şəhərin altında. Nəyə görə altında deyirik bilirsinizmi? Hə, elə həmin Cenkinsonun “gözəl kral şəhəri” adlandırdığı bu şəhər, nə az, nə çox düz 6 dəfə dağılmışdı, yerin altına gömülmüşdü. Azərbaycanda baş verən 10 ən güclü zəlzələnin 6-ı məhz burda baş vermişdi. Bura gəlib çıxmış hollandiyalı səyahətçi Yan Streys yazacaqdı: “Məni ən çox təəccübləndirən o idi ki, şəhəri tamamilə yerlə-yeksan edən və viran qoyan həmin zəlzələdən 3 ildən də az müddət keçməsinə baxmayaraq, şəhər yenidən bərpa olunub”.
Bəlkə də bildiniz hansı şəhərdən gedir söhbət. Ptolemeyin “Camaxeya” və ya “Kemaxeya”, sonralar “Kemaxiya”, “Əşşamaxiyyə”, ərəblər adını dəyişdirdiyi zaman qısa müddət “Yezidiyyə” və sonradan “"Şemaxi” və indi “Şamaxı” adlanan qədim yurd yerindən.
Şamaxıdayıq. Bircə günün içində buraları gəzib bitirmək sadəcə mümkün deyil. Hər daşın altı tarixdi. Hər kəndi tarixdi. Hər bulağı, hər türbəsi, hər küçəsi, məhəlləsi Azərbaycan tarixidi.
Şahxəndan türbəsi
Burası Şahxəndan. Necə deyirdi “Nəsimi” filmində Nəsimi? “Qardaşım Şahxəndan vəsiyyət etmişdi ki, nəslimizdə kim ölsə, mənim yanımda basdırın. Gedirəm qəbrimizi qazdırmağa”.
Nəsimi burda, doğulduğu vətəndə dəfn edilmədi. Ona qürbət Hələb son mənzil oldu.
Şahxəndan Nəsimini böyük qardaşıydı. O, burada dəfn olunub və qəbiristanlıq da onun adını daşıyır. Yeri gəlmişkən, Şamaxının ən qədim qəbiristanlığıdır bura. Buradakı qəbir daşlarının yaşı əsrlərlə ölçülür. Şaxəndan türbəsində iki qəbir var. Bu qəbirlərdən biri Şaxəndanın - Nəsiminin qardaşınındır. Digəri isə qadın qəbridi. Ya anasının, ya da xanımının. Qəbiristanlığın qədim qəbirüstü daşlarının çoxu itirilmiş, bəziləri isə yer altındadır. Türbədə bölünmüş vəziyyətdə olan daş kitabə də var.
Ehtimal ki, bu kitabə müəyyən bir dövrdə götürülüb. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli deyir ki, Şah Xəndan da qardaşı Nəsimi kimi sufi olub:
“Düzdür, Nəsiminin qəzəlləri, şeirləri qədər aşkarda olmasa da, bəzi mənbələrdə Şahi Xəndanın şeirlərinə rast gəlmək olur. Türbədə olan daş kitabənin üzərində dövrünün süls elementli nəsx xətti ilə 1397-ci il qeyd edilib. Tarixi araşdırmalara görə, Şahxəndan qardaşı Nəsimi ilə birlikdə Şamaxıda musiqi və poeziya məclisi yaradıb. Nəsimi sufiliyin bir qolu olan hürüfiliyi yaymaq üçün Şamaxıdan ayrılandan sonra həmin məclisə Şahxəndan rəhbərlik edib.
Yeri gəlmişkən, məşhur Azərbaycan şairi Seyid Əzim Şirvani, Şahxəndan qəbiristanlığında dəfn edilməyi vəsiyyət etmişdi və məzarı da orada yerləşir. Hə, ölməmişdən əvvəl belə demişdi şair:
Mən öləndə Şahxandanda basdırın,
Çünki onun Şahi-Xəndanı vardır.
*
Bura isə 7 gümbəzdi.
7 gümbəz kompleksi
Şəhərdəki üç tarixi qəbiristanlıqdan biri və Şamaxı xanlığının süqutu dövrünə aid olan türbələr kompleksi. Türbələrdə Şirvan xanları və onların ailə üzvləri dəfn olunublar. Altı türbədə ümumilikdə 22 məzar aşkarlanıb. Birinci türbə Şirvan xanı Ağası xanın qardaşı Məhəmmədhüseyn bəyin oğlu Şıxəli bəyin xatirəsinə 1816-cı ildə, ikinci türbə Ağası xanın adı kitabədə pozulmuş oğlanlarından birinin xatirəsinədi. Bütün türbələr Şirvan xanlığının Sərkər sülaləsinin üzvlərinə aid xatirə abidələridir.
Amma çox təəssüflə qeyd edək ki, türbələrin sayı tarixi mənbələrdə yeddidi. Çoxu dağılıb gedib. Birinin üstündə isə kol-kos, ot bitib. Ətraf demək olar ki, təmizlənmir. Adi ehtiyatsızlıq ətrafdakı qurumuş otları yandıra bilər. Nəticədə bu tarixi abidələrə ciddi ziyan dəyər.
Bu yerdə bir məqamı da qeyd edək; başqa bir görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabir də 1911-ci ildə məhz Yeddi günbəz qəbiristanlığında dəfn edilib. Qəbiristanlığın gözətçisinin dediyinə görə, artıq bu ərazidə yeni qəbirlər üçün yer qıtlığı da yaranıb.
Rayon ərazində olduqca unikal başqa tarixi abidələr də var. Məsələn, Çıraqlı kəndində antik dövrə aid qədim qəbiristanlıq, Göylərdəki Pir-Mərdəkan Xanəgahı, Dədəgünəşdə “Piri-Sultan Dədəgünəş” məqbərəsini xarabalıqlarını qeyd etmək olar. Yeri gəlmişkən, Dədəgünəş Əfzələddin Xaqaninin əmisi Kəfiəddin Ömər ibn Osmanın ləqəbidir. O, zəmanəsinin tanınmış həkimi, həm də görkəmli filosofu olub. Şamaxı şəhəri yaxınlığında IX əsrə aid Gülüstan qalası da bu günə gəlib çatan tarixi abidələrdəndir. Gülüstan Şirvan şahlarının müdafiə qalası və iqamətgahı olub. Yeraltı gizli yollar olan bu qala odlu silahın, əsasən də topun meydana gəlməsi ilə əhəmiyyətini itirib. Rəvayətə görə, Gülüstandan gizli yollar ta Bakıya qədər gedib çıxırmış. Amma təbii ki bunlar rəvayətdi. Həqiqət. Hə, həqiqət isə olanları qorumaqdı. Və həm də üzə çıxarmaq...