“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” –  Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 20:15 (UTC +04:00)

“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır

Müharibə həyatımızda elə iz qoydu, elə köklü dəyişikliklər etdi ki, bir ömür boyu bəlkə də “müharibə olmasaydı, belə olardı, elə olardı...” deyəcəyik. Bəlkə, daha yaxşı olardı, bəlkə pis olardı... Kim bilir?...

 

Lent.az-ın “Müharibə olmasaydı...” layihəsində müharibənin həyatına birbaşa, yaxud dolayısıyla təsir göstərdiyi, həyatını dəyişdiyi insanlara həmsöhbət olacağıq.

 

Layihə çərçivəsində ikinci müsahibimizin həyatını müharibə tamamilə dəyişib. Milli qəhrəman Vahid Quliyevlə həmsöhbətik.

- Müharibədən əvvəl harda yaşayırdınız, nə işlə məşğul idiniz?

- Bakıda yaşayırdım. 1981-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişəm. Təyinatla üç il Laçının Yuxarı Fərəcan kəndində müəllim işləyəndən sonra qayıtdım Bakıya. İxtisasım yarımkeçiricilər fizikasıdı. Yasamalda “Ozon” zavodu vardı, orda yarımkeçirici mikrosxemlər istehsal edilirdi. Orda mühəndis-texnoloq kimi işə götürdülər.  Bir az sonra usta keçdim. 1992-ci ildə sahə rəisi vəzifəsində çalışırdım, ölkədə müharibə gedirdi. Mənim də əslim-köküm Cəbrayılın Niyazqulular kəndində, valideynlərim, əzizlərim, nigaran idim. Getdim hərbi komissarlığa müraciət etdim ki, döyüşlərə qatılmaq istəyirəm. Dedilər, lazım olanda deyərik. Xocalı hadisəsindən sonra yenidən israrlı şəkildə müraciət etdim. Gördüm aparmırlar, qərar verdim ki, birbaşa hərbi hissəyə gedim. Özümün  də hərbi ixtisasım tank əleyhinə raket kompleksləri üzrə tağım komandiridir – universitetdə hərbi kafedra belə bir ixtisas verib. Ehtiyatda olan leytenant idim. Zavodda işləyəndə hərbi təlim toplantısı keçmişdim üç ay, imtahandan sonra baş leytenant rütbəsi verdilər. Getdim Bakıdakı hərbi hissələrdən birinə. Polkovnik Əli Bağırovla görüşdüm. Dedi, Bakı yaxınlığında hərbi hissəni ruslardan götürmüşük, bizə belə mütəxəssis lazımdır. Mənə bir kağız verdi, get hərbi hissə komandirinə ver, səni qəbul etsin. Getdim, qəbul etdilər.

1992-ci ilin avqustunda hərbi hissəyə gəlmişdim. Sentyabrın 7-də səhər düzülüşdə komandir soruşdu ki, kim müharibəyə getmək istəyir, dörd nəfər lazımdır. Çıxdım qabağa. Tələbə yoldaşım Nazir, riyaziyyat fakültəsini bitirən Firqət, bir də bir rus vardı, müqavilə ilə gəlmişdi - guya raket qurğuları mütəxəssisi idi. Əslində sonradan öyrəndik ki, bu raket qurğuları hissəsində xidmət çəkib, ancaq qarovulda olub. Qurğular olan yerə mayordan aşağı rütbəlinin girməyə ixtiyarı yox idi. Bu da leytenant kimi gəlmişdi, bizdə ona polkovnik rütbəsi vermişdilər. Nə isə, getdik Ağdama. Püşk atıb bizi bölüşdürdülər müxtəlif istiqamətlərə...

- Püşklə?

- Bəli, mən Mərzili istiqamətinə düşdüm. Bir sürücü də verdilər texnikanı idarə etməyə. Tank Əleyhinə İdarə olunan raket kompleksini özüm lazım bildiyim yerdə yerləşdirib, başladım döyüşə.

Gördüm, bir tank kanalın içi ilə istiqamətini dəyişməklə atəş açıb, çəkilir. Bizim texnikanı da işə salandan dörd dəqiqə sonra atəş açır, qızmayınca atəş açmır. Yarım saat işləyəndən sonra gərək söndürəsən, yarım saat dincələ, soyuya. Mən də işə salıb gözləyirəm, tank görünmür, mən texnikanı söndürən kimi çıxıb atəş açır.

- Siz bunu istifadəsini hardan öyrənmişdiniz?

- Təlimdə öyrənmişdim, universitetdə də nəzəriyyəsini öyrənmişdim, sadəcə bundan əvvəlki modelini. Bunu ona uyğunlaşdırıb idarə edirdim birtəhər.

- Hə, nəhayət o tankla neynədiniz? Vurdunuz onu?

- Sentyabrın 25-də, nəhayət, məqamı tutdum, bir atəş açdı, ikincisini açmağa imkan vermədən vurdum. Yerində qara tüstü qalxdı. İlk dəfə idi əsgərlər belə bir halın şahidi oldular, erməninin tankını vurmuşuq, atəşfəşanlıq edirdilər.

Həmin gün yuxarı xəbər getdi, məni çağırıb göndərdilər Qubadlıya. Orda vəziyyət ağırdı dedilər. Bir müddət Zəngilanın Şayıflı stansiyasında döyüşdüm. Bir tank, bir Qrad qurğusu vurmuşdum 10 gün ərzində. Sonra yenə qayıtdım Qubadlıya, döyüşlərdə üç tank vurdum.

...Qubadlı işğal olunan ərəfə idi. Avqustun 29-u günortadan sonra hərtərəfli hücuma keçdilər. Bərgüşadla Həkərinin arasında, Qurbantəpədəyik. İki tanklarını vurdum yenə, geri çəkildilər. Gecə yenə hücuma keçdilər. Hər tərəfdən mühasirədə idik. Mərmiləri bitmişdi döyüşçülərimizin, qayalardan tökülmüşdülər dərələrə. İmkan çatdığı qədər tanklarını vurdum, tank vurulanda geri çəkilirdilər heç olmasa. Qubadlı camaatı əllərinə keçən quş tüfəngi ilə çıxmışdılar ermənin qarşısına. Ölən öldü, ölməyən qapısını bağlayıb, çıxmışdı. Mən də gəldim Qumlağa.

- Texnikanı neynədiniz?

- Ələ keçməsin deyə, aşırdım dərədən. Qardaşımın motosikletini götürmüşdüm, onu da qaytardım ki, lazım olar sizə. Xudafərin körpüsünün yanına gəldim, gördüm İran əsgərləri var orda, keçiblər biz tərəfə. Maşın tapıb gəldim Bakıya hərbi hissəyə, ordan təzədən getdim Ağdama. Bakıda söhbət əsnasında demişdim ki, zabitlər burda kabinetlərdə oturdu, gedib əsgərlərə rəhbərlik etmədilər, öyrətmədilər, döyüş bacarığı olmayanlar döyüşə gedib, qırıldılar. Bunu da aparıb çatdırmışdılar həmin kabinet zabitlərinə, gördüm kimlərisə möhkəm incidib bu sözüm. Getdim, xahiş etdim ki, məni göndərin döyüş bölgələrinə. 1994-cü ilin mayına qədər Mahrızlıda, Baş Qərvənddə, Sarıcallı, Hindarxına gedən yolun alt tərəfində döyüşlərdə oldum. Yüksəkliklər artıq işğal olunmuşdu. Atəşkəs olan gün məni dəyişmək üçün adam göndərmişdilər, yenə. O vaxta qədər 14 tank vurmuşdum, 10-nun arayışı verilmişdi.

- Milli Qəhrəman aldığınızı harda eşitdiniz?

- “Araz” radiosunda öz adımı eşitdim, dedim, yəqin başqa kapitan Vahid Quliyevdi. 1994-cü ilin oktyabrın 9-da o vaxt ordu günü qeyd edilirdi. Bu münasibətlə hərbi qulluqçuları təltif etmişdilər. Bu təltifdən sonra 1995-ci ildə əlahiddə qərargaha rəis göndərdilər məni. Gördüm, müharibə yoxdur, dedim, daha mənlik bir iş yoxdur, valideynlərim qaçqın düşüb, gedib onları yerləşdirim, ev tapım. Bir müddət də universitetdə hərbi kafedrada baş müəllim işlədim. Hərbi kafedralar bağlandı universitetdə, göndərdilər Ali Hərbi məktəbə baş müəllim. 2002-ci ildə səhhətimdə problem yarandı, təqaüd üçün ərizə yazdım, rəis cırdı ərizəni ki, sən bizə lazımsan. Bir-iki il də qaldım, sonra yenə ərizə yazıb çıxdım. Böyrəklərimi müalicə etdirəndən sonra bir zirzəmi tipli evin verilməsinə nail oldum, nəhayət, məcburi köçkünlərimi yerləşdirdim ora. Sovet vaxtı bombadan gizlənmək üçün nəzərdə tutulmuş yerdir. Sonra gördüm darıxıram, müraciət etdim, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinə, orada işə başladım. 2007-ci ildə ordan da səhhətimə görə uzaqlaşdım. İndi müxtəlif ictimai təşkilatların xətti ilə görüşlər, tədbirlər... belə keçir günüm.

- Uşaqlarınız varmı?

- İki oğlum var, biri magistrantdır, biri bakalavr. Respublika Ağsaqqallar Şurasının idarə heyətinin üzvüyəm.

- Müharibə olmasaydı, həyatınız necə olardı?

- Olmasaydı, mən müharibəyə getməzdim, Milli qəhrəman da olmazdım. Valideynlərim məcburən yurdumuzdan köçkün düşməzdi. Yəqin ki, mənim də Niyazqulularda evim olardı, indi orda ahıl yaşlarımda təmiz havada yaşayardım. Uşaqlarım daha böyük yaşda olardılar. Atam yurd həsrəti ilə dünyasını dəyişməzdi. O gün anama deyirəm ki, atamın məzarını aparacam kəndə, gözləri dolur, deyir nə yaxşı iş görmüş olarsan. Dəyişdi də həyatımızın axarını, bərəni dəyişdi, həyatımız su kimi axıb başqa istiqamətə yön aldı. Atam həyət evi istəyirdi, At yalı deyilən yerdə birtəhər bir az yer alıb başladım tikməyə, atam dünyasını dəyişdi. O da qaldı yarımçıq, neynirəm daha orda tikib. Gedib öz kəndimizdə tikərik. Orda doğulmayan uşaqlar o torpaqlar üçün canlarından keçdilər. Mən həmişə deyirdim bu uşaqlar bizdən vətənpərvər olacaqlar, çünki söhbətlərimiz ancaq o barədə olur, uşaqlar onu eşidir. Şükürlər olsun, belə şərait yarandı, qaytardıq torpaqlarımızı.

İndi mən deyirəm, müharibə olmasaydı həyat öz axarı ilə davam edərdi, ancaq görünür, qaçılmazlıqlar olur həyatda. Bəlkə heç zənn etdiyim kimi olmazdı, daha pis olardı, yaxud daha yaxşı... hər halda, bir də müharibə olmasın.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15810
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar