Bakıda Milli Mətbuatın 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans öz işini panel müzakirələrlə davam etdirib.
Lent.az xəbər verir ki, paneldə “Müasir Audiovizual kontent: ənənəvilik və müasirlik” mövzusu ilə çıxış edən Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov deyib ki, son illərdə Azərbaycanda həyata keçirilən media islahatları məhz məsuliyyətli, informasiyalı cəmiyyətə uyğun və ictimai maraqlara xidmət edən, eyni zamanda, rəqabətli bazar şəraitində işləməyi bacaran, qlobal media məzmun bazarına töhfələr verə bilən medianın inkişaf etdirilməsini hədəfləyir.
“Medianın İnkişafı Agentliyinin yaradılması, Audiovizual Şuranın yeni formatda və məzmunda təşkili, yeni media subyektlərinin yaranması, Media Reyestri və s. bu islahatlara misal ola bilər ki, onlar hazırda da davam edir. Dövlətimizin cəmiyyətlə kommunikasiyası yeni mərhələyə qədəm qoyub ki, bu işdə medianın rolu əvəzsizdir və böyük məsuliyyət tələb edir. Bu da öz növbəsində medianın tənzimlənməsini yeni mərhələyə çıxarır”, - Fazil Novruzov bildirib.
Onun sözlərinə görə, ənənəvi medianın tənzimlənməsi haqqında hamının az-çox təsəvvürü var: "Yeni media mühiti formalaşdıqca tənzimləmənin də vektorunda dəyişikliklər baş verir. Media məzmununun tənzimlənməsi və bu sahədə nəzarət 2000-ci illərin əvvəllərindən fərqlənir. Çünki yayım üsullarının çoxalması, ənənəvi media məhsullarının video paylaşım platformaları, sosial şəbəkələr və digər üsullarla istehlakçılara çatdırıldığından ənənəvi mediada daha effektiv işləyən ciddi tənzimləmə mexanizmləri yeni media üçün o qədər effektli olmur. Hazırda bu sahədə dünyada səciyyəvi hal kimi tənzimləmə, birgə tənzimləmə və özünü tənzimləmə metodlarının birgə istifadəsidir. Özünü tənzimləmə metodu bütün müasir rəqəmsal platformaların tənzimlənməsində tətbiq olunur və tənzimləyicilər həmin platforma sahibləri ilə birgə tənzimləmə məsələlərini də həyata keçirirlər. Bu cəhətdən “Youtube”, “Facebook” və digər platformalarda tətbiq olunan özünü tənzimləmə sistemlərini misal göstərmək olar. Qısaca olaraq qeyd edilməlidir ki, belə transformasiya şəraitində yenə də əsas vəzifə həmin media subyektinin və ya redaksiyasının, ya da məzmunu (kontenti) istehsal edib yayımlayan jurnalistin üzərinə düşür. Çıxışımın əvvəlində qeyd etdiyimi peşə etik norma və qaydalarının olması həmin bu özünütənzimləmə sisteminin əsasını təşkil edir".
APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı bildirib ki, ictimai maraqların qorunması ənənəvi medianın üzərindədir. Vüsalə Mahirqızı qeyd edib ki, bu gün ənənəvi media ilə sosial medianın bütün sərhədləri itmək üzrədir: “Bu gün ənənəvi mediadan xəbər almaq istəyən adamlar həmin xəbərləri sosial media vasitəsilə alırlar. Hazırda elə bir ənənəvi media resursu yoxdur ki, onun sosial media ilə hər hansı bir bağlılığı olmasın, orada öz platformasını yaratmasın. Lakin biz baxsaq, görərik ki, ictimai maraqların qorunması, ictimai öhdəliklər yenə də ənənəvi medianın üzərindədir. Yəni sosial mediada şəxsi informasiya ötürücüləri bəzən etika qaydalarını da pozurlar, ictimai maraqların da əksinə hərəkətlər edirlər, özlərində belə bir öhdəlik hiss etmirlər və s. Amma eyni davranışları ənənəvi media həmin platformalarda göstərəndə az qala virtual linçə məruz qalır. Bütün hallarda ictimai maraqların gözlənilməsi ənənəvi medianın üzərindədir. Çünki ictimai maraqlar ənənə daşıyıcısıdır, ictimai maraqların qorunması ənənəyə söykənən bir məsələdir”.
Panel çərçivəsində Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Verilişləri QSC-nin sədri Sahil Tahirli “Naxçıvan mətbuatı tarixdən bu günə və müasir tendensiyalar” mövzusunda çıxış edib:
“1963-cü ildə Naxçıvan Televiziya və Radio Verilişləri komitəsi fəaliyyətə başlayıb. Deyə bilərik ki, Naxçıvan mətbuatı həm də Naxçıvanın milli mədəniyyət və ictimai tarixidir. Qürurla deyə bilərik ki, Naxçıvan mətbuatı dövlətçilik, mədəniyyət tarixinin əsası və əsas salnaməsidir”.
Paneldə “Süni intellekt jurnalistikanı necə dəyişir?” mövzusunda çıxış edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas deyib ki, jurnalistika peşəsində olanlar düşünürlər ki, yaradıcı süni zəka onların peşəsini əlindən alacaq, lakin məsələ bu qədər bəsit deyil: “Çünki jurnalistika yaradıcılıq sahəsi olduğu üçün burada jurnalistlərin fərdi fikirlərinə, onların yanaşmalarına mütləq ehtiyac var. Süni zəkalar ortalığa mövqe qoya bilmir. Onlar data əsasında fəaliyyət göstərirlər. Yəni ümumi mənada süni zəka jurnalistlərin yaradıcılıq fəaliyyətini əllərindən almayacaq, lakin jurnalistika ilə bağlı bir sıra peşələri sıradan çıxaracaq. Bunlardan biri “FactCheck”dir. Çünki süni zəka bunu daha sürətli edə biləcək. Digəri xəbər toplamaqdır. Gələcəkdə öz yaradıcılığını ortaya qoymayan, sadəcə press-relizlərdən istifadə edən jurnalistlər öz peşələrini itiricəklər”.
“Bölgə mediasının fəaliyyətində yeni xüsusiyyətlər” mövzusunda çıxış edən “Aran” qəzetinin baş redaktoru Məhsəti Musa deyib ki, bölgə mətbuatı çətin dövr yaşayır: “Bununla bağlı müəyyən addımlar atılır, tədbirlər görülür, amma yenə də çətinliklər qalmaqdadır. Bunlardan birincisi, maddi-texniki bazanın olmaması, kadr çatışmazlığıdır. Yaxın zamanlarda icra hakimiyyətindən ayrılmaqla onlara müəyyən müstəqillik verildi. Amma bunun da öz çətin tərəfləri var. Düşünürəm ki, çətinliklərin aradan qaldırılması üçün ciddi addımlar atılacaq”.
***
saat 10:45
Bakıda Milli Mətbuatın 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans keçirilir.
Lent.az xəbər verir ki, konfransda Mətbuat Şurasının sədri Rəşad Məcid, Audiovizual Şuranın sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin əməkdaşları və digər media nümayəndələri iştirak edirlər.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, builki konfrans həm də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə təsadüf edir. O, çıxışı zamanı Heydər Əliyevin mediaya diqqət və qayğısından danışıb. Rəşad Məcid həmçinin Azərbaycan mediasının keçdiyi bugünkü inkişaf yolundan bəhs edib.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli "Media haqqında" qanunun qəbulundan sonra görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycanın bütün ciddi media qurumları artıq öz məlumatlarını Media Reyestrinə daxil edib və bu proses yekunlaşıb.
Audiovizual Şuranın sədri İsmət Səttarov isə qeyd edib ki, XIX əsrdə “Əkinçi”nin çapı ilə möhkəm təməllər üzərində bünövrəsi qoyulan Azərbaycan mətbuatı, XXI əsrdə də öz missiyasını uğurla davam etdirir: “Bu missiya ilk növbədə maarifçilikdir, vətənpərvərlikdir. Azərbaycan dilinin saflığı və təmizliyini qoruyan, söz və ifadə azadlığı, təhsil və maarifləndirmə, qadın azadlığı ideyasını təbliğ edən, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edən mətbuatımızın əsas məsələsi milli kimliyimizin qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsi olub”.
O əlavə edib ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra, zamanın bütün sınaqlarından üzüağ çıxan milli mətbuatımız üçün də yeni dövr başlayıb.
"Mediamızın bu dövrü məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də bu gün mediaya doğma münasibət sərgiləyir. Məhz dövlət başçısı İlham Əliyevin diqqəti nəticəsində mediaya dəstək sistemli hala gəlib”, - Şura sədri qeyd edib.