Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində eyni torpaq sahəsini bir neçə şəxsə satmaqda və külli miqdarda pul mənimsəməkdə dələduzluqda təqsirləndirilən Ayxan Məlikov (ad və soyad şərtidir) və Qabil Əliyevin (ad və soyad şərtidir) cinayət işi üzrə hökm oxunub.
Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilənlər - Ayxan Məlikovun 6 il, 2 ay, Qabil Əliyevin 3 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum edilməsini hökm edib.
Qeyd edək ki, dövlət ittihamçısı Ayxan Məlikovun 8 il, 6 ay, Qabil Əliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, hər iki təqsirləndirilən şəxslər - Ayxan Məlikov və Qabil Əliyev sosial şəbəkələrdə saxta elanlar yerləşdirərək, Xəzər rayonu və digər ərazilərdə eyni torpaqları 50 nəfərə yaxın vətəndaşa satmaqda və 500 min manatadək pul mənimsəməkdə ittiham olunurlar. Bildirilir ki, hər iki təqsirləndirilən şəxs sənədləşmə prosesində iştirak edərək, saxta torpaqların sahibi qismində özlərini müştərilərə təqdim edib.
Ayxan Məlikov Qabil Əliyevi bir çox müştərilərə dayısı kimi təqdim edərək, satılan torpağın onun adına olduğunu bildirib. Vətəndaşların şikayətləri əsasında faktla bağlı cinayət işi başlanılıb, Ayxan Məlikov və Qabil Əliyev Cinayət Məcəlləsinin 178.2.1(dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 178.2.2 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə (və ya təkrar törədildikdə) 178.2.4 (xüsusi növ ixtisaslaşmış zərərçəkmişlərə və ya müəyyən üsullarla törədildikdə (xüsusən elektron məlumat sistemlərindən istifadə etməklə)178.3.2 ( külli miqdarda ziyan vurmaqla törədildikdə) 320.1(saxta sənədin hazırlanması, satılması və ya təqdim edilməsi) 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə məsuliyyətə cəlb olunublar, barələrində həbs qətimkan tədbiri seçilib.