Mətbuat Şurası İdarə Heyətinin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində olublar.
Lent.az xəbər verir ki, əvvəlcə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyədəki zəlzələdə həyatını itirmiş şəxslərin xatirəsi üçün quraşdırılmış lövhənin önünə əklil qoyublar.
Daha sonra İdarə Heyətinin üzvləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüblər.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan xalqının, o cümlədən Azərbaycan jurnalistlərinin Türkiyədəki böyük faciədən təsirləndiklərini, bu faciəni Türkiyə xalqı ilə bərabər eyni hisslərlə yaşadıqlarını bildirib. Eyni zamanda, qeyd olunub ki, hadisə baş verən gündən Azərbaycan jurnalistləri hadisə yerinə ezam olunublar, zəlzələ bölgəsində türkiyəli jurnalistlərlə çiyin-çiyinə fəaliyyət göstəriblər.
Rəşad Məcid hadisə ilə bağlı Azərbaycan xalqının hisslərini ifadə edən humanitar yardımı və dərin kədərimizi mediamızın davamlı olaraq işıqlandırdığını diqqətə çatdırıb.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan xalqına və Azərbaycan mətbuatına zəlzələ baş verən ilk gündən bu yana dəstəyinə görə təşəkkür edərək, Azərbaycan mətbuatına Türkiyədəki faciəni bir millətin faciəsi kimi yaydığı, nümayiş etdirdiyi, həmçinin ən yüksək səviyyədə əməklərini səfərbər etdikləri üçün təşəkkür edib.
Cahit Bağçı jurnalistlərin Azərbaycandakı yardım kampaniyalarını, xalqın hiss və həyəcanını dolğun formada təqdim etmələrini, eyni zamanda, zəlzələ bölgəsindəki peşəkar fəaliyyətlərini yüksək qiymətləndirib.
Səfir faciə zamanı Azərbaycan və Türkiyə xalqlarının qardaşlıqlarını bir daha göstərdiklərini vurğulayıb.