Baş Dövlət Yol Polisi İdarəsi yetkinlik yaşına çatmayanlara avtomobil verən valideynlərə xəbərdarlıq edib.
İdarədən Lent.az-a verilən məlumata görə, xəbərdarlıqda bildirilir:
"Ölkəmizdə yetkinlik yaşına çatmayanların sükan arxasına keçib avtomobil idarə etməsi kimi hadisələr bu gün də ara-sıra müşahidə edilir. Belə hallara regionlarda və paytaxtın hərəkət intensiv olmayan bir sıra küçələrində, şəhərətrafı ərazilərdə rast gəlmək olur. Zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da eşidilir. Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində də tez-tez maarifləndirici tədbirlər keçirilir.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yeniyetmə məktəblilərin müxtəlif vasitələrdən istifadə edərək bəzən gizlin, bəzən də valideynlərinin xəbəri ola-ola avtomobil sürməsi halları mövcuddur. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar.
Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərinin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır və eyni zamanda bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir. Bir daha valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq".