Bəzi sosial şəbəkələrdə Kəramət Böyükçölün Baş Prokurorluğun İstintaq idarəsinə çağırılması ilə bağlı məlumat yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumatda bildirilir ki, həmin şəxs konkret cinayət işi üzrə şahid qismində dindirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə dəvət olunub.
İstintaq aparıldığı dövrdə qeyd olunan bu tipli informasiyalar ətrafında sosial şəbəkələrdə müzakirələrin aparılması süni ajiotajın yaradılmasına xidmət etməklə yolverilməzdir.
***
18:22
Gənc yazar Kəramət Böyükçöl prokurorluğa çağırılıb.
Lent.az xəbər verir ki, Kəramət Böyükçöl bu barədə "facebook" hesabında məlumat paylaşıb.
“Məni Baş Prokurorluğun İstintaq idarəsinə çağırdılar. Gedirəm. Bu ölkədə artıq heç nə adamı təəccübləndirmir. Məni həbs eləsələr, dostlarımdan xahiş edirəm, oğlumdan və qızımdan muğayat olsunlar, bir də Elmlər Akademiyasının qabağındakı parkda heç kimi kitab satmağa qoymasınlar”, - deyə o qeyd edib.
Kəramət Böyükçöl Lent.az-a açıqlamasında prokurorluğa çağırılmasının səbəbini bilmədiyini və hazırda ora getdiyi deyib.