Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.
Lent.az yeni kənd təsərrüfatı naziri təyin olunan Sarvan Cəfərovun dosyesini təqdim edir:
Sarvan Elxan oğlu Cəfərov 28 oktyabr 1985-ci ildə anadan olub. 1992-2003-cü illərdə Bakı şəhərinin 178 saylı orta məktəbində təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə isə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. Hər iki pillə üzrə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2007-2008-ci illərdə hərbi xidmətdə olub. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universistetində Biznesin təşkili və idarə olunması ixtisası (MBA) üzrə magistra qəbul olub. 2015-ci ildə həmin ixtisası bitirib.
Daha sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində 2015-2017-ci illərdə Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantıdır. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi, 2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində çalışıb.
Bundan başqa, 2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi, 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib. 2020-ci ilin mart ayından Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.
İngilis və Rus dillərini bilir. Evlidir, 3 övladı var.