Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu himayəsində azyaşlı övladı olan şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsidir.
Əksər hallarda himayəsində azyaşlı övladı olan analar barəsində həbs qətimkan tədbiri ev dustaqlığı, yaxud başqa yerə getməmək haqqında iltizam tədbiri ilə əvəzlənir. Ancaq bunlara görə bəzilər elə bilir ki, həmin qadınlar üçün həbs qətimkan tədbiri seçilə bilməz.
Bəs görək, qanunvericilikdə himayəsində azyaşlı övladı olan ana barəsində həbs qətimkan tədbiri seçilə bilərmi?
Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. Onun sözlərinə görə, həbs qətimkan tədbiri seçilərkən aşağıdakı hallar nəzərdə tutulur:
“Həbs qətimkan tədbiri seçilərkən şəxsin ailə və maddi vəziyyətləri, himayəsində uşaqların olması, daimi yaşayış yeri və s. nəzərə alınır. Şəxs 2 ildən artıq həbsi gözlənilən cinayətdə ittiham olunursa, istintaqdan gizlənməsinin qarşısını almaq üçün barəsində həbs qətimkan tədbiri seçilə bilər. Belə olan halda, icra hakimiyyətlərinin qəyyumluq şöbəsi uşaqlarla maraqlanmalıdır. Həmin uşaqların sığınacağa verilməsi məsələsi həll edilə, eyni zamanda onlar digər valideynin yanında qala bilər. Bundan başqa, uşaqların nənə-babanın da yanında qalması mümkündür. Bunlar da icra hakimiyyətlərindəki qəyyumluq şöbəsi rəyi əsasında həyata keçirilir. Bir sözlə, şəxsin azyaşlı uşağı varsa barəsində həbs qətimkan tədbiri seçilə bilməz qaydası yoxdur”.