Hər üç ailədən biri boşanır - SƏBƏB  -VİDEO
21 avqust 2021 17:51 (UTC +04:00)

Hər üç ailədən biri boşanır - SƏBƏB -VİDEO

Bu həftə Dövlət Statistika Komitəsi cari ilin birinci yarısında ölkədə 8168 boşanma halının qeydə alınması haqda məlumat yayıb.

APA TV-nin məlumatına görə, bu ilin ilk yarım illiyində 23 231 nikaha daxilolma halının qeydə alındığını nəzərə alsaq, bu dövr ərzində yeni qurulmuş hər 3 ailədən birinin dağılması mənzərəsi ilə üz-üzə qalırıq.

Bəs boşanmaların sayının getdikcə artmasının səbəbi nədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirir ki, Azərbaycanda nikahların pozulmasının müxtəlif səbəbləri var: “Əsas səbəblərdən biri ailəyə kənardan müdaxilədir. İqtisadi baxımdan ailənin maddi durumunun aşağı olması, məişət zorakılığı hallarının baş verməsi və digər səbəbləri də bur aid etmək olar. 2021-ci ilin ilk 3 ayı ərzində 10 366 nikaha daxil olma halı qeydə alınıb. Onlardan 3743 fakt üzrə boşanma halı qeydə alınıb”.

Psixoloq Elnur Rüstəmov isə bildirir ki, boşanma hallarının qarşısını almaq məqsədilə davamlı şəkildə maarifləndirmə işləri aparılmalı və boşanmaya səbəb olan faktorlar sistemli şəkildə araşdırılmalıdır: “Bura ailədaxili konfliktlərə səbəb olan faktorlar, informasiya, sosial şəbəkələr, mobil telefonlar daxildir. Həmçinin stress və digər psixoloji problemlər, məişət zəminində gəlin və qayınana arasındakı problemləri də bura aid etmək olar. Görünən budur ki, boşanmalar səbəbsiz deyil. Bu gün biz iş prosesində də görürük ki, boşanmalara ən böyük təsir göstərən faktor insanların ifrat dərəcədə informasiya ilə yüklənməsi, stress halının həddən artıq çox olması və bu stressin ailə münasibətlərinə yanmasıdır”.

Elnur Rüstəmov bildirir ki, ailənin qorunub-saxlanılmasında psixoloji dayanıqlılığın rolu olduqca böyükdür və dayanıqlılığı qoruyub-saxlamaq emosiyaları düzgün idarə etməkdən asılıdır: “Azərbaycanda ailə institutu yaranmalıdır. Ailə quracaq şəxslərlə maarifləndirmə işi aparılmalıdır. Lazım olarsa, ailə qurulan ərəfələrdə tibbi müayinə ilə paralel olaraq psixoloji müayinə də aparılmalı və ailələrdə problem yaşanarsa, vətəndaşların müraciət edə biləcəyi konkret bir yer olmalıdır. Yeni dövr informasiya əsridir. İndiki dövrün özünün yaratmış olduğu şəxslərarası münasibətlərdə problemlər var ki, onlar tənzimlənməlidir”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yaydığı sözü gedən məlumatına əsasən, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,6-dan 4,7-yə, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.

Boşanmaların səbəbi reportaj

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4842
avatar

Oxşar yazılar