Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu aztəminatlı ailələrlə bağlıdır.
Maraqlıdır, görəsən, hansı ailələr aztəminatlı hesab olunur?
Lent.az xəbər verir ki, aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Aydınlaşdırmaq lazımdır ki, bəs ehtiyac meyarı nədir və necə müəyyənləşdirilir?
Bütün ehtiyacların minimum səviyyəsi ehtiyac meyarını yaradır
Ehtiyac meyarı – əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. 2020-ci il üçün bu hədd 160 manat məbləğində müəyyən edilmişdir. (bu məbləğ 2019-cu il üçün 143 manatdır.)
Ailənin gəlirləri – ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur.
Ailənin orta aylıq gəliri – ailənin gəlirinin orta aylıq göstəricisi, ailədə adambaşına düşən orta gəlir isə ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına nisbətidir.
Aztəminatlı ailələrin sosial yardım almaq hüququna malikdir. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək qabiliyyətli üzvünün Baş Məşğulluq İdarəsinin yerli orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr dövlət büdcəsinin vəsaiti hesabına ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində sosial yardım ala bilər.
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir.