“İnsanlar gəlib heyvanların bir neçəsini uzanan vəziyyətdə gördükdə, elə bilirlər ki, biz onları iynə vurub yatırdırıq”.
Bu sözləri Lent.az-a Bakı Zooloji Parkın əməkdaşı Qismət Quluzadə deyib.
Artıq bir neçə aydır ki, Bakı Zooloji Park yenidən qurmadan sonra qapısını ziyarətçilərinin üzünə açıb.
İlk günlər parkda sıxlıq olsa da, hazırda həftə içi seyrəklik müşahidə edilir. Amma qeyd edək ki, həftə sonları ziyarətçilərin sayı digər günlərə nisbətən daha çox olur.
Bundan başqa, əsas məsələ bilet qiymətləridir. Belə ki, Bakı Zooloji Parka giriş qiymətləri böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, qazilər və övladları, I-II-III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün 2 manat təşkil edir. Həmçinin 3 yaşa qədər uşaqlar, şəhid ailələri, uşaq evləri və internat məktəblərinin sakinləri parkdan pulsuz yararlana bilirlər.
Lent.az sözügedən parkdakı yenidənqurma ilə yaxından tanış olmaq üçün Bakı Zooloji Parka üz tutub.
Təzə istifadəyə verildikdə çoxunun marağını cəlb edən parkın girişində onlayn və real növbə ilə bilet almaq üçün məntəqələr yerləşdirilib.
Əməkdaşın sözlərinə görə, real növbə çox olduqda insanları sıra gözləmədən onlayn bilet almalarını təklif edirlər. Bununla yanaşı, qeyd edək ki, parka yalnız COVİD pasportu olanlar giriş edə bilər.
Burada diqqətimizi çəkən ən önəmli nüans girişdə təbiətə ziyan verməmək üçün ağacın tavan kəsiyindən keçirilməsi idi.
Parkdakı gəzintimizə aylardır haqqında ağızdolusu bəhs edilən və açılışı böyük səbirsizliklə gözlənilən “Aquaterrarium”dan başlayaq.
İçərisi tünd rəngə boyanmış tunelin sağ və sol tərəflərində iri camlar arxasında su heyvanları, sürünənlər və digər həşəratlar saxlanılır. Uşaqlar iri camlara söykənib hərəkət edən heyvanlara gözü bərəli şəkildə diqqətlə baxırdılar.
Hər növ heyvanın saxlanıldığı yerin yanında 3 dildə (Azərbaycan, rus və ingilis) ətraflı məlumat lövhələri yerləşdirilib. Daha əlçatan olması üçün məlumatın altında “QR” kod olan hissə də verilib.
“Aquaterrarium”dan sonra gəzintimizi açıq havada davam etdiririk. Ərazinin böyük olduğu səbəbi ilə vətəndaşların asanlıqla gəzə bilməkləri üçün ara-sıra məlumatlandırıcı elektron lövhələr və gəzməli yerləri, heyvan saxlanclarını, qəfəsləri göstərən tablolar yerləşdirilib. Sözsüz ki, ərazisi geniş olan bir məkanı məlumatlandırıcı lövhələrsiz gəzmək çətin olar.
Parkı gəzdiyimiz zaman ziyarətçilərə popkorn, pambıq, su və rəngli içkilər satan səyyar satış məntəqələri ilə rastlaşdıq. Həmin məntəqələrə yaxınlaşıb qiymətlərlə maraqlandıq. Belə ki, popkorn 2 manat, su 1 manat, şirin pambıq 1.50 qəpik, rəngli içkilər isə 2 manatdan başlayır. Müşahidələrimiz onu göstərir ki, qiymətlərin hər bir təbəqənin büdcəsinə çox da uyğun olmadığı üçün alıcılıq qabiliyyəti o qədər də yüksək deyil.
Gəzintimiz davam edir...
Zooloji parka gələnlər gəzintidən sonra yemək yeyib, dincəlmək üçün “Alice’s at the Zoo” restoranı fəaliyyət göstərir. Pandemiya tədbirlərinə uyğun olaraq girişlərdə əllərin təmizlənməsi üçün antibakterial məhlullar yerləşdirilib, içəriyə tibbi maskasız daxil olmaq qadağan edilib. Restorana girib menyu ilə tanış olduq. Məlumat üçün deyək ki, ən çox tələbat olan yeməklərdən –kartof frinin bir porsunun qiyməti 3 manatdan başlayır. Salatlar üçün bu qiymət 6-7 manatdan ibarətdir.
Qeyd edək ki, restoranın yanında uşaqların əylənməsi üçün cürbəcür atraksionlar da quraşdırılıb.
Bəs, heyvanlar necə yemlənir? Günə 15 kilo ət yeyənlər...
Elə restoranın qarşısındakı keçid ilə irəliləyirdik ki, aslanların qəfəsinin önündə dayandıq. Qeyri-iradi ağlımdan bir sual keçdi...
Bəs, görəsən, bu vəhşi heyvanları necə yemləyirlər? Bu sualı bizimlə birgə parkı gəzən Bakı Zooloji Parkın əməkdaşı Qismət bəyə ünvanladıq. O bildirir ki, heyvanların yemlənmə vaxtı ancaq səhərlərdir:
“Hələ vətəndaşlar içəri girmədən öncə heyvanlar yemlənir. Hər heyvanı yemləyən şəxs ayrıdır. Yemlənmə burada yox, xüsusi yerdə həyata keçirilir”.
Aslanların uzandığını gördükdə isə “niyə bunlar belə halsızdır?” deyə sual verdim.
Qarşılığında isə “Hər gün 15 kilo ət yeyənlərdən nə gözləyirisiniz?” – deyə cavab eşitdim.
Əməkdaş deyir ki, insanların səhv düşüncələri bunla qurtarmır. Onun sözlərinə görə, heyvanların qəfəslərinin yanında “Yemləməyin” plakatı asılsa da, insanlar buna əməl etmir.
Elə bu barədə söz açılarkən, Qismət bəylə bu söhbətimizin ortasında bir xanım yaxınlaşdı və sual verdi...
-Olar ki, popkorndan meymuna da verim?
Qismət Quluzadə: Xeyir, xanım. Baxın, məlumat üçün də plakat asmışıq.
-Axı, meymun elə baxır ki, adamın yazığı gəlir.
Qismət Quluzadə: Xanım, onların doyacağı qədər yemləmişik, ehtiyac yoxdur.
Müşahidələrimizi öz axarında davam etdiririk...
Zooparkın ərazisinə hündürdən izləmək istəyənlər üçün tam ortalıqda hündür poliqon quraşdırılıb. Bura çıxıb, yuxarıdan mənzərəni görmək istəyənlər gərək özlərini bir qədər əziyyətə salsınlar. Çünki poliqonda lift işləmir, yuxarı çıxmaq istəyənlər məcbur qalıb pilləkənlərdən istifadə etməli olurlar.
Bir də burada balacaların minməsinə icazə verilən yəhərlənmiş poni də saxlanılır. Ona minib saxlanıldığı yerdə 3 dövrə vurmağın qiyməti azyaşlılar üçün 1 manat təşkil edir.
Hə, gəldik Bakı Zooloji Parkın ən son gəzəcəyimiz məkanına. Bu məkan Zooparkdan xatirə qalması üçün əşya satın ala biləcəyiniz kiçik mağazadır.
Mağazada üzərində cürbəcür heyvanların fotoları əks olunmuş köynəklər, fincanlar, papaq və çantalar satılır.
Mağaza Bakı Zooloji Parkı daxilində gəzdiyimiz son məkan oldu. Alimlərin dediyinə görə, heyvanlarla canlı təmas, onların səsini eşidib davranışlarına şahid olmaq psixoloji olaraq insan beyninə müsbət təsir göstərir.
Bu da belə…
Siz də asudə vaxtınızı səmərəli keçirmək üçün heyvanları yemləməmək şərti ilə Bakı Zooloji Parka gələ bilərsiniz.
Fotolar: Emil Məmmədov