Ölkə ərazisinin quş qripi xəstəliyindən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) digər aidiyyəti qurumlarla birgə mütəmadi olaraq epizootoloji monitorinqlər həyata keçirir.
Agentlikdən Lent.az-a verilən məlumata görə, bu ilin yanvar ayında keçirilən sonuncu monitorinqlər zamanı milli park və dövlət təbiət qoruqları, su-bataqlıq əraziləri, dənizsahili zonalar, eləcə də sənaye əsaslı iri quşçuluq müəssisələri, həyətyanı və kiçik həcmli kommersiya tipli quşçuluq təsərrüfatlarından götürülən nümunələrin laboratoriya müayinələri nəticəsində quş qripi xəstəliyinin törədicisi aşkar olunmayıb, həmçinin xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə rast gəlinməyib.
Bununla yanaşı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən bir sıra Avropa ölkələri ərazisində quşlar arasında xəstəlik törədicisinin aşkar olunması və müvafiq beynəlxalq təşkilatların epizootik vəziyyətlə bağlı məlumatlarını ciddi siqnal kimi qəbul edərək hazırda AQTA və ETSN qabaqlayıcı tədbirlər həyata keçirməkdədir.
Eyni zamanda, ölkəmizin coğrafi, iqlim xüsusiyyətlərinə görə qış və erkən yaz dövründə köçəri quşların kütləvi şəkildə ölkə ərazisindən keçməsi və köçəri quşların mövsümlə əlaqədar yemlərlə yetərincə təmin olunmaması quşlar üçün epizootik risk yaradır.
AQTA və ETSN vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağa, bununla bağlı şübhəli hallar müşahidə etdikdə agentliyin regional bölmələrinə, yaxud “1003-Çağrı Mərkəzi”nə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar Xətti”nə məlumat verməyə çağırır.