Görünməz düşmən: “Böyük aclıq” yaxınlaşır? - VİDEO
05 aprel 2022 13:30 (UTC +04:00)

Görünməz düşmən: “Böyük aclıq” yaxınlaşır? - VİDEO

Dünya ərzaq bazarında qiymət artımı son günlər daha da sürətlənib. Hazırda dünya bazarında əlverişli qiymətə ərzaq tapmaq ciddi problemə çevrilib.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım olacağı və qlobal yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, bahalaşmaya və qida çatışmazlığına Rusiya-Ukrayna savaşı da güclü təsir göstərir. Müharibədən öncə bu ölkələrin ümumilikdə 400 milyard dollardan artıq illik ixracatları olurdu.

O bildirib ki, artıq əksər ölkələr preventiv addımlar atmağa başlayıblar. Azərbaycanda Nazirlər Kabinetinin 28 ərzaq məhsulunun ixracatının tənzimlənməsi ilə bağlı qərarı da məhz önləyici məqsəd daşıyır.

Bununla yanaşı, qlobal və regional bazarlardakı qeyri-müəyyənlik fonunda preventiv tədbirlərin daha da güclənməsi çox vacibdir.

Digər ekspertlər də söyləyirlər ki, bahalaşma və qida çatışmazlığı təhlükəsinin qarşısını almaq üçün daxili istehsal gücləndirlməli, kənd təsərrüfatı sahəsində inkişafın qarşısını alan amillər aradan qaldırlmalıdır.

Ekspert Eldəniz Əmirovon fikrincə, bu amillərdən biri də kənd təsərrüfatı məhsullarının yerli və bazar qiymətləri arasında kəskin fərqin olmasıdır. Bir çox hallarda fermerlər məhsulu dəyər-dəyməzinə satmağa məcbur qalır, buna görə də ya zərər uğrayır, ya da çox az qazanırlar. Halbuki bazarlarda və marketlərdə həmin məhsul fermerin təklif etdiyindən 6-7 dəfə baha satılır. Nəticədə il boyu çalışıb, qəpik-quruş qazanan fermer əkin-biçindən uzaq durmağa üstünlük verir: “Fermerlərin yerindəki qiymətlə mağazalardakı qiymətlərdə bu qədər fərqin olması, aradakı vasitəçilərin çoxluğu ilə bağlıdır. Buna görə də, fermerlərin bazara birbaşa çıxışının təmin olunması qiymətlərin aşağı olmasını təmin edəcək. Qiymətlərin artmasının digər bir səbəbi isə inflyasiya meyllərinin aşağı düşməsidir”.

Ekspertlərin fikrincə, ikinci amil isə suvarma ilə bağlıdır. Su ehtiyatlarından düzgün istifadə olunmaması, yay aylarında əkin-biçinin susuz qalması kimi problemlər son illər daha da aktuallaşıb.

Bu günlərdə “Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları” təsdiqləndi.

Ekspertlər ümid edir ki, bu qərar sayəsində ümumilikdə su ehtiyatlarından səmərəli istifadə təmin olunacaq, suvarma sistemindəki bir sıra problemlər də həllini tapacaq: “Dünyanın bir çox ölkələrində çaylardan, göllərdən, yeraltı su mənbələrindən istifadə ödənişlidir. Qərarın özündə göstərilir ki, burada əsas məqsəd suya qənaət edilməsi və su istifadəsi hesabatının doğru aparılması ilə bağlıdır. Düşünürəm ki, taariflər müəyyənləşdikdən sonra bunun müsbət və mənfi tərəflərini daha aydın görəcəyik“.

Bəs hazırda kənd təsərrüfatı sahəsində hansı stimullaşdırıcı tədbirlər görülür və bunlar yetərli sayıla bilərmi? Ekspert Xalid Kərimlinin sözlərinə görə, hər il kənd təsərrüfatı məhsullarına 450-500 milyon manat xərclənir: “Fermerlərin xərclərinin aşağı salınması üçün həm taxıla, həm digər kənd təsərrüfatı məhsullarına, pambığın özünə belə subsidiyalar verilir. Bundan başqa, aqrar sığorta mexanizmi də işlənir ki, fermerlər hər hansı risklər olarsa, həmçinin iqlim risklərindən mühafizə olunsun. Hökumət kənd təsərrüfatı üçün güzəştli kreditlər verir. Bu bir qədər yanlış düşüncədir ki, ölkəmizdə bütün məhsulları istehsal etsək, iqtisadi cəhətdən bolluq yaranacaq və ya qiymətlər aşağı olmasına təsir edəcək“.

Bəs kənd təsərrüfatı sahəsinin stimullaşdırılması üçün başqa nələr edilməlidir? Hansı sahələrdə dəyişikliyə ehtiyac var? Necə edək ki, öz məhsullarımızla tələbatımızı ödəyə bilək? Ekspert Rəşad Həsənov əsas problemi Aqrar Sığorta mexanizmində görür və bu sahədə yeni yanaşmalara ehtiyac olduğunu düşünür. O həmçinin bildirir ki, dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatında intensiv böyümə daha səmərəlidir: “Azərbaycanda məhsuldarlıq göstəriciləri aqrar ölkələrlə müqayisədə çox aşağıdır. Bu istiqamətdə əsas problem odur ki, istehsalın 97% ailə təsərrüfatlarından gəlir. Ailə təsərrüfatları istehsal prosesinə ənənəvi yanaşır. Bunun nəticəsində mənfəət norması bu sektorda çox aşağıdır. Düşünürəm ki, bu sahədə maarifləndirmə gücləndirilməli, problem qısa vaxtda həllini tapmalıdır”.

Sonda onu da xatırladaq ki, ötən illə müqayisədə taxıl məhsulları 50%-dən çox bahalaşıb. Rusiya və Ukrayna arasındakı müharibə nəticəsində bu məhsulların daha 20-22% bahalaşacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2496
avatar

Oxşar yazılar