“Əsrin fəlakəti” adlandırılan zəlzələnin baş verməsindən 1 həftə keçməsinə baxmayaraq bu gün də bütün dünyanın diqqəti Türkiyədədir.
Son illərin ən böyük fəlakətinin baş verdiyi Hatay, Kahramanmaraş, Malatya, Qaziantep, Adana, Antalya, Şanlıurfada hələ də axtarış-xilasetmə qrupları fasiləsiz işləyir.
Bu qandonduran faciədə həmçinin orada yaşayan azərbaycanlılar da ziyan görüb.
Bu gün zəlzələdən zərər çəkən 6 ailə olmaqla, 10 uşaq Azərbaycana təxliyə edilib və Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.
Həmin uşaqlardan 6-sı oğlan, 4-ü qızdır. Uşaqlardan ən kiçiyi 8 günlükdür, ən böyük uşağın isə 14 yaşı var.
Azərbaycana təxliyə edilən ailələr zəlzələ ilə bağlı təəssüratlarını Lent.az-a bölüşüb:
2 ildir Türkiyənin Qaziantəp bölgəsində yaşayan Ülviyyə Həsənova bildirib ki, zəlzələ gecə saat 4 radələrində baş verib:
“Həmin gecə uşağımın səsinə oyandım. Bizim yaşadığımız bina üçmərtəbəli idi. Bina tamamilə dağıldı. Üç gün küçədə, bir gün isə sığınacaqda qaldıq. Zəlzələdə ciddi zərər almamışıq. Amma uşağım hələ 6 aylıq olduğuna görə, çox qorxduq. Əlbəttə ki, hər şey yaxşı olsa, biz yenidən Türkiyəyə qayıtmağı düşünürük”.
4 aylıq Neşet Alp Karanın anası Jalə Əsədova bildirib ki, onların yaşadığı bina zəlzələdə dağılmayıb:
“İki ildir ki, Qaziantəpdə yaşayırıq. Yaşadığımız bina ikimərtəbəli binadır. Zəlzələ nəticəsində binada çatlaqlar yaranıb. Heç bir zədə almamışıq. 3 gün küçədə qaldıq”.
Zəlzələ baş verərkən 4 günlük olan Enver Can Özkapın anası Gülnarə Qədimova zəlzələni çox şiddətli hiss etdiklərini bildirib:
“Hadisə olarkən oğlum 4 günlük idi. Qaziantəpdən gəlmişik. Yaşadığımız bina üçmərtəbəli idi. Zəlzələni çox şiddətli hiss etdik. Evdən zülmlə qaçdıq. Yaşadığımız binada çatlaqlar oldu. 4 ildir Qaziantəpdə yaşayıram. İlk dəfədi belə zəlzələ gördük. Üç gün küçədə qaldıq. Aclıq idi, hər dəqiqə zəlzələ baş verirdi. Bilmirdik ki, hara qaçaq. Hər şey düzəldikdən sonra qayıtmağı düşünürük”.