Evdən distant təhsilin təşkili üçün 5 faydalı məsləhət
19 aprel 2021 12:12 (UTC +04:00)

Evdən distant təhsilin təşkili üçün 5 faydalı məsləhət

Pandemiya şəraiti, gedişli-gəlişli karantin və bütün bunların fonunda təhsilini davam etdirməyə çalışan minlərlə şagird və tələbə... “Yeni qaydalar”a ayaq uydurmağa çalışan nəsil olaraq, həyat tərzimizi, vərdişlərimizi, evdəki işlərimizi uyğun şəkildə tənzimləməliyik ki, itirənlər yox, qazananlar sırasında olaq.  Xüsusən də  orta məktəblərin yenidən qapanması ilə şagirdlərin distant təhsilinin təşkili yenidən aktuallaşır. Bəs uşaqların həyatını daha planlı, onlayn təhsillərini daha effektiv etmək üçün valideynlərin diqqət etməli olduğu əsas məqamlar hansılardır?

1. Gündəlik rejimin yaradılması

Aparılan araşdırmalar göstərir ki, davamlı gündəlik rejimi olan uşaqlar daha uğurlu olur, özlərini daha güvənli və təhlükəsiz hiss edirlər. Bu qayda pandemiya dövründə vaxtının əksər hissəsini evdə keçirən şagirdlər üçün xüsusilə faydalı olacaq. Dərs rejiminə uyğun olaraq, vaxtın düzgün bölünməsi, tapşırıqlar, fasilələr və müxtəlif hobbilər üçün vaxt bloklarının əvvəlcədən ayrılması erkən yaşlardan onlarda nizam-intizamın formalaşdırılmasına kömək edəcək. Burada əsas məqam gündəlik rejimin övladınızla birgə, onun maraq dairəsinə, individual xüsusiyyətlərinə görə hazırlanmasıdır.

2. Evdə erqonomik dərs köşəsinin yaradılması

Evdə uşaq üçün diqqətini toplaya biləcəyi (səs-küydən kənar), rahat, təhlükəsiz (qamətə və gözün görmə qabiliyyətinə mənfi təsiri olmayan), eyni zamanda zövq alacağı bir dərs köşəsinin hazırlanması təhsilin keyfiyyətinə birbaşa təsir edəcək faktorlardandır. Mebel seçimində erqonomikanı mütləq nəzərə alaraq boya uyğun masa və oturacaq seçilməlidir. Masa üçün ortalama ölçülər - 60-80 sm en, minimum 100 sm uzunluqdur. İdeal olaraq  yazı yazmaq üçün masanın üzəri 15’ dərəcə, oxuma zamanı isə 30’ dərəcə, üzü uşağa tərəf maili olmalıdır ki, göz sağlığına heç bir zərər gəlməsin - transformer masalar bu baxımdan daha yaxşıdır. Oturacaqların isə fərqli növləri var. Boya uyğun seçilmiş ortopedik oturacaq uşağın qamətini düzgün formalaşdırmağa kömək edəcək.

3. Onlayn resurslardan düzgün istifadə

Onlayn təhsil həm də şagirdlərin kompüter savadlılığının artırılması üçün gözəl imkanlar yaradır. Dərslərin əsasən “Microsoft Teams” və “Zoom”  platformaları üzərindən keçirildiyini nəzərə alsaq, övladınızın bu proqramların gündəlik lazım olan xüsusiyyətlərindən başqa, dərsin effektivliyini artıracaq digər faydalı funksiyalarından da yararlandığından əmin olun. Eyni zamanda araşdırma əsaslı ev tapşırıqlarını hazırlayarkən, “Google”, “Yandex”, “YouTube” və digər axtarış sistemlərindən özlərinə lazım olan məlumatları sərbəst şəkildə tapa biləcək səviyyədə istifadə etməyi bacarmalıdırlar.

4. Kəsintisiz internet bağlantısı

Bu dövrdə kəsintisiz internetin olması mütləq amillərdən biridir. Evinizdə stabil “WiFi” internet şəbəkəsinin olmadığı və ya sürətin zəif olduğu hallarda telefon vasitəsilə mobil internet paketlərindən yararlana bilərsiniz. Bəzi operatorlar distant təhsil üçün xüsusi sərfəli paketlər təqdim edirlər. Məsələn, bazarın əlverişli təkliflərini araşdırsaq, “Nar”ın təqdim etdiyi “Təhsil+” internet paketini misal gətirmək olar. Aylıq 10 AZN-lik paket həm “MS Teams”, həm də “Zoom” üçün keçərli və sürət limiti olmayan 50GB internet verir. İki övladınız varsa, eyni vaxtda bir paketdən istifadə edərək hər biri fərqli cihazlardan öz dərsinə qoşula bilər.

5. Həmyaşıdlarla davamlı ünsiyyət

Məktəbdən uzaq olmaq həm də canlı ünsiyyətdən və dostlardan uzaq qalmaq deməkdir. Uşağın ünsiyyət bacarıqlarının formalaşdığı bir dövrdə həmyaşıdlarından kənar qalması onun sosial inkişafına da mənfi təsir göstərə bilər. Bu təsirləri müəyyən qədər azaltmaq üçün pandemiya şərtlərinə uyğun olaraq, müəyyən rutin çərçivəsində açıq havada dostların görüşünə şərait yaratmaq, yaxınlıqda yaşayan həmyaşıdları ilə ünsiyyətə təşviq etmək lazımdır. Onlayn platfromalar çərçivəsində isə maraq dairələrinə uyğun fərqli klublar və müzakirələrin təşkili övladlarınızın sosial olaraq təcrid olmasının qarşısını alacaq, müxtəlif sahələrdə dünyagörüşünü  artırmasına yardımçı olacaq.

Bütün bunlarla yanaşı, yadda saxlamaq lazımdır ki, yeni reallığa alışmaq həm böyüklər, həm də balacalar üçün asan bir proses deyil. Emosional sağlamlığın hər şeydən vacib olduğunu nəzərə alaraq evdə uşaqlarla ünsiyyətdə stress yaradacaq istənilən söhbətdən qaçınmağa və yaranan vaxtdan maksimum səmərəli, zövq alacağınız şəkildə yararlanmağa çalışın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914
avatar

Oxşar yazılar