Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 13-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
DİM-dən Lent.az-a verilən məlumata görə, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.
İmtahan Bakı şəhərinin Pirallahı, Xətai rayonlarında, Abşeron, Ağcabədi, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Quba, Salyan, Samux, Şamaxı, Şəmkir, Yardımlı, Zərdab rayonlarında və Mingəçevir şəhərində təşkil edilib.
Bu gün, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri də imtahan veriblər. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.
İmtahanda 27 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 98 imtahan binası, 1495 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 98 ümumi imtahan rəhbəri, 250 imtahan rəhbəri, 1869 nəzarətçi–müəllim, 180 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 98 bina nümayəndəsi ayrılıb.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İlkin məlumatlara əsasən, 2 imtahan iştirakçısında mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Martın 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 8‑dək elan olunması nəzərdə tutulur.
***
09:13
Bu gün Bakı şəhərinin Pirallahı, Xətai rayonlarında, Abşeron, Ağcabədi, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Quba, Salyan, Samux, Şamaxı, Şəmkir, Yardımlı, Zərdab rayonlarında, Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, bu gün, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri də imtahan verirlər. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilir.
İmtahanda 27 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.
İmtahanda 19418 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 98 imtahan binası, 1495 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 98 ümumi imtahan rəhbəri, 250 imtahan rəhbəri, 1869 nəzarətçi–müəllim, 180 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 98 bina nümayəndəsi ayrılıb.