“Çalışmalıyıq ki, bu vəziyyətdən şərəflə çıxaq. Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik. Çətin vəziyyətdə olan insanların problemlərini həll edirik, o cümlədən ictimai təşkilatlar, Heydər Əliyev Fondu”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, əsas yük dövlətin üzərindədir: “Aztəminatlı təbəqəyə yardımlar edilir. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarlar, ayrı-ayrı adamlar tərəfindən 100 milyon manatdan çox vəsait daxil edilib. Bu, böyük vəsaitdir və həmrəyliyin təzahürüdür. Necə ki, həmrəylik, birlik göstəririk, məsuliyyət də göstərməliyik. Bunu inkişaf etmiş bir neçə ölkənin liderləri qeyd edir ki, bu, müharibədir və burada düşməni görmək mümkün deyil. Eyni zamanda, bilmək mümkün deyil, bu müharibə nə vaxt bitəcək. Bunu heç kim deyə bilməz”.
Azərbaycan Prezidenti vurğulayıb ki, hər kəs peyvəndi gözləyir, o cümlədən də biz: “Amma bəzi həkimlərin fikrinə görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ bunun üzərində iş aparılır. Amma yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Ona görə burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır”.